Olimpiya məşəli tarixdə ilkə imza atacaq
2 Oktyabr 2013 11:42 İdmanRusiyanın paytaxtı Moskvada 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının məşəlinin ölkəyə gətirilməsini səbrsizliklə gözləyirlər. Krasnoyarskda yerləşən Krasmaş zavodunda 16 min Olimpiya məşəli hazırlanıb və onların hər biri 8 dəqiqə yanmaq üçün dizayn edilib. Məşəllər oktyabrın 6-da Moskvaya gətiriləcək.Olimpiya məşəli Rusiya mərhələsində 123 gün ərzində 14 min məşəl daşıyan vasitəsilə 83 regionda 65 min kilometr yol qət edəcək. Məşəlin daşınma vasitələri arasında maral, xizək və hətta hava şarı da olacaq.Oktyabrın 5-i Yunanıstandan Soçi Olimpiya Komitəsinin rəsmilərinə təhvil veriləcək Olimpiya məşəli isə bir neçə cəhətinə görə tarixə düşəcək. Məşəl Rusiyanın 9 vaxt qurşağının hamısından keçməklə yanaşı, həm də tarixdə ilk dəfə olaraq kosmosa da aparılaraq, səyahətini oradan davam etdirəcək. Belə ki, noyabrda Rusiya kosmonavtları Oleq Kotov və Serqey Ryazanski Olimpiya məşəlini açıq kosmosa çıxararaq, geri qaytaracaqlar.