Millimizin Rusiya səfəri sual altında
27 Sentyabr 2013 19:20 İdmanGələn il Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin iştirakçılarından 11-nin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1996-cı il təvəllüdlülər arasında baş tutacaq yarışda Belarus, İran, Slovakiya, Sloveniya, Ukrayna, Finlandiya, Çexiya, Estoniya və Yaponiya milliləri qonaq kimi iştirak edəcək.
Meydan sahiblərinin isə Rusiya və Sankt-Peterburq yığmaları ilə təmsil olunacağı dəqiqləşib. 16 komandanın qatılacağı yarışda iştirak edəcək digər 5 komanda isə müəyyənləşməyib.
Son illər turnirin əvəzolunmaz iştirakçılarından olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə bu dəfə yarışdan kənar qala bilər. Belə ki, yarışın Təşkilat Komitəsi 10 komandanın dəvəti kilə bağlı federasiyalarla danışıqlar aparır. Bunun nəticəsində son 5 vəsiqənin sahibi məlum olacaq. Yığmamızın da taleyinə bundan sonra aydınlıq gələcək.