Con Toşak: "Sizi tribunada görmək istəyirik"
27 Sentyabr 2013 20:45 İdman"Xəzər Lənkəran" komandasının baş məşqçisi Con Bencamin Toşak "İnter"lə oyun öncəsi açıqlama verib. Siasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında geridə qalan 6 tura toxunub və əsasən azarkeşlərə çağırış edib: "Xəzər Lənkəran" üçün çox vacib bir oyundur. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər. Son iki turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünə inamını geri qaytardı. Mən bir daha vurğulmaq istəyirəm ki, əslində biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə "Xəzər Lənkəran"dan üz döndərmişdi. Son oyunda Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdür. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən, "Bakı" ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm belə təsirləndim. Bu, "Xəzər Lənkəran" azarkeşinin böyüklüyünü göstərir. Biz hələ çox iş görməmişik. Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Vətənimdə belə bir xalq misalı var: "Qaranquş səmada görünürsə, düşünmə ki, artıq yaz gəlib". Ona görə də indidən hisslərə qapılmaq olmaz. "Xəzər Lənkəran" çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidir. Buna görə də bütün "Xəzər Lənkəran" azarkeşlərinə səslənirəm: "Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!"