İdmançımız Avropa çempionu oldu, yığmamıza 3-cü qızıl medalı qazandırdı VIDEO
27 Sentyabr 2013 10:35 İdmanEstoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan yığmasının son üzvü - Nailxan Nəbiyev körpücük üzərinə çıxıb.O, 20 yaşa qədər oğlanlar arasında 94 kq çəki dərəcəsində mübarizə aparıb. Nailxan Avropa çempionu adını qazanaraq, milli komandamızın aktivinə 3-cü qızıl medalı yazdırıb.Nailxan birdən qaldırma hərəkətində birinci yanaşmada 147 kq-ı ram edə bilməyib. Ancaq sonrakı cəhdində bu çəkinin öhdəsindən gələn Nəbiyev, üçüncü yanaşmada 153 kq-lıq ştanqı da başı üzərinə qaldıraraq, bu hərəkətdə 2-ci olub.Təkanla qaldırma hərəkəti daha uğurlu alınıb. Atletimiz əvvəlcə 186, sonra isə 190 kq-ı ram edərək, bütün rəqiblərini qabaqlayıb. Üçüncü yanaşmasında 202 kq-ı qaldıra bilməməsi də buna mane olmayıb. Nailxan həm bu hərəkətdə, həm də ümumi sıralamada qızıl medala sahib çıxıb.Beləliklə, toplamda 343 kq (153 kq + 190 kq) nəticə göstərən Nailxan Nəbiyev Avropa çempionu adını qazanıb.