"Qalatasaray"ın baş məşqçisi kim olacaq?
25 Sentyabr 2013 20:01 İdmanFatih Terimlə yolları ayıran "Qalatasaray"da kimin baş məşqçi olacağı diqqət mərkəzindədir. Siasport.az saytı xəbər verir ki, "İmperator"un yerinə keçəcək növbəti baş məşqçinin kimliyi təkcə Türkiyə mətbuatında deyil, həmçinin Avropa mediyasında da ciddi müzakirə obyekti olub. İtaliya mətbuatı Roberto Mançinin artıq "Qalatasaray" rəhbərliyi ilə müzakirələrə başladığını yazır. İtalyan həmkarlarımız iddia edirlər ki, R.Mançini ilə "Qalatasaray" rəhbərliyi arasında ilkin danışıqlar hələ iyun ayından bəri başlayıb. Türkiyə mətbuatı isə, "Qalatasaray"ın baş məşqçisi postuna, keçən mövsüm "Bavariya"ya UEFA Çempionlar Liqasını və Almaniya çempionluğunu qazandıran Yupp Heynkesin gətiriləcəyini iddia edir. Xəbərdə deyilir ki, klub prezidenti Ünal Aysal da alman mütəxəssisin komandaya gətirilməsində maraqlıdır. Digər bir namizəd isə, "Çelsi" ilə UEFA Çempionlar Liqasını qazanan Roberto Di Matteodur. Onun namizədliyi barədə daha çox idarə heyətinin bir sıra üzvləri məsələ qaldırıblar. Bütün bunlar ehtimal olaraq qalır. Amma "Qalatasaray"ın baş məşqçisi postuna kimin gələcəyinə bu həftə aydınlıq gələcək.