Terimin qovulmasının 7 səbəbi
25 Sentyabr 2013 12:46 İdmanFatih Terim artıq "Qalatasaray"ın baş məşqçisi deyil. Apasport.az saytının məlumatına görə, hər şey çox ani alındı. Hərçənd, "İmperator"un İstanbul təmsilçisi ilə yollarını ayıracağı gözlənilən idi.
Dünən səhər saatlarında "Qalatasaray"ın prezidenti Ünal Aysal Terimlə yaşanan problemin kluba zərər verdiyini, ən gec 48 saat ərzində məsələyə son nöqtə qoyulacağını bəyan etdi. Lakin klub rəhbərliyi sabahı gözləmədi, İdarə Heyətinin iclasında "İmperator"un qovulmasına qərar verildi.
Türkiyəli həmkarlarımız "Qalatasaray" rəhbərliyi ilə baş məşqçi arasında narazılığın bu həddə çatmasını araşdıraraq, bir sıra məqamlara diqqət çəkiblər. Beləliklə, Terimin sonunu gətirən 7 səbəbi təqdim edirik.
1. Terim baş məşqçi postuna gələr-gəlməz klub prezidentinin müşaviri olan, daha sonra idman direktoru təyin edilən Bülənt Tulunun komandanın təlim-məşq bazasına gəlməsini istəmirdi. Nəticədə "İmperator" istəyinə çatdı.
2. Transfer məsələlərində fikir ayrılığı hər zaman olub. Terim Kakanı istədiyi halda, Aysal İtaliyaya yollanıb, Uesli Sneyderlə anlaşdı. Son olaraq, Şedju da baş məşqçinin siyahısında ən aşağı sıralarda idi.
3. Aysalın formalaşdırmaq istədiyi klub strukturunda Terim İdarə Heyətinin prezidenti Lütfi Arıboğanın əlinin altında yer almalı idi. "İmperator" isə yalnız klub prezidentinə hesab verməyi uyğun bilirdi.
4. Terim rəhbərliyin ona "işçi" gözü ilə baxmasından narahat idi. "İmperator" "Kasımpaşa" ilə matçdan sonra sıradan bir işçi sayılmasına etirazını bildirdi. Düzdür, daha sonra Aysal onu nahara dəvət edib, könlünü aldı. Lakin artıq olan olmuşdu.
5. Aysalın da icazəsi ilə Terimin milli komandadan gələn təklifi qəbul etməsi sonun başlanğıcı oldu.
6. İctimaiyyətin təzyiqi ilə "Qalatyasaray" Terimə yeni iki illik müqavilə təklif etdi. Baş məşqçi isə onunla məsləhətləşmədən bel bir addım atılmasının doğru olmadığını bildirdi. "Antalyaspor"la görüşdən sonra "Bəzi adamlar rahat olsun deyə, sözləşməyə imza atmaram" - söyləyərək mövqeyini ortaya qoydu.
7. Madrid "Real"ına 1:6 hesablı məğlubiyyətdən sonra Aysal Terimə zəng vurub, "Beşiktaş"la İstanbul deribisi ərəfəsinə ürək-dirək vermək, mükafatın məbləğini müəyyənləşdirmək istədi. Ancaq Terim onun zənglərinə cavab vermədi. Bundan sonra Arıboğan Terimlə görüşərək, "niyə prezidentə cavab vermədin" - deyə sual etdi. "İmperator" isə telefonunun bağlı olduğunu, daha sonra zəng vuracağını söylədi. Ancaq zəng vurmadı. Və bununla da bütün diqqətlər Terimin üzərinə yönəldi...