Deyvid Sakkoni: “İnter”ə də imkan verməməliyik - MÜSAHİBƏ
23 Sentyabr 2013 19:40 İdman"Xəzər Lənkəran"ın braziliyalı yarımmüdafiəçisi Deyvid Sakkoninin apasport.az saytına müsahibəsi
- AZAL üzərində 3:1 hesablı ilə qələbə qazandığınız oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Əvvəlcədən çətin olacağını bilirdik. Ancaq qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Xoşbəxtlikdən hər şey istədiyimiz kimi alındı və istədiyimiz 3 xalı qazandıq.
- Hesabı açmağınıza baxmayaraq, ikinci hissənin əvvəllərində əvəzləndiniz. Zədə aldınızmı? Əgər belə deyilsə, bundan narazılığınız varmı?
- Yox, baş məşqçi Con Toşakdan narazılığım yoxdur. Əvəzlənməyimə görə məyus olmadım. Bu, baş məşqçinin qərarı idi. Bu dəyişiklik öz bəhrəsini də verdi və növbəti qollar gəldi. Hətta mənim yerimə daxil olan Sadio Tunkara qol ötürməsi də verdi. Yaxşı nailiyyət əldə etmək istəyiriksə, biz komandanın uğuruna sevinməliyik, fərdi uğura yox.
- "Xəzər Lənkəran"da ilk qolunuzu vurdunuz. Azarkeşlər sizi Mario Souzadan sonra "2-ci Mario" və ya "Super Mario" adlandırır. Bu barədə heç bilirsiniz?
- Təbii, azarkeşlərin məni Mario ilə müqayisə etmələri xoşdur. Baxmayaraq ki, bizim oyun tərzimiz o qədər də oxşar deyil. İlk qolumu vurduğuma görə çox sevincliyəm. Mario azarkeşlərin qəlbində iz qoyub, onların könüllərində hələ də yaşayır. İstərdim ki, onun nail olduğu uğurlara mən də burda sahib olum.
- 2 gün əvvəl tərcüməçiniz Elvar Quliyevin ad günü idi. Bildiyimizə görə, oyundan əvvəl qələbəni onun doğum gününə həsr etmişdiniz...
- Bəli, oyundan əvvəl bu haqda danışmışdıq. Bildirmişdik ki, vuracağımız qolları tərcüməçiyə həsr edəcəyik.
- Növbəti turda sizi "İnter"lə oyun gözləyir. Ardıcıl 2 oyunda qələbə qazandığınızı nəzərə alsaq, növbəti turda da 3 xal qazana biləcəksiniz?
- Hazırda yüksəlişdəyik. Turnir cədvəlində aşağı sıraları tərk etməyə başlamışıq. 2 paytaxt komandasını yendik. Növbəti turda Lənkəranda digər Bakı klubu ilə qarşılaşacağıq. Rəqib aşağı pillələrdə olsa da, bizə çətin anlar yaşada bilər. Çünki onlar da qələbə qazanıb özlərinə gəlmək istəyirlər. Ancaq biz evdə oynayacağımızdan buna imkan verməməliyik.