Bizimkilər oynayacaq, Platini baxacaq

Sabah Topaz Premyer Liqasında VII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun 4 oyunu Bakıda, 1 görüşü paytaxtdan kənarda baş tutacaq. Əyalətdə keçiriləcək görüş həm də turun açılış matçı olacaq.

Ən azı 1 günlük zirvəyə yüksəlmək imkanı olan "Qəbələ" öz meydanında "Rəvan"la qarşılaşacaq. Yuri Syominin yetirmələri ardıcıl 3-cü qələbəni qazanmaqla ilk pilləni ələ keçirmiş olacaq. Ötən tur "Qarabağ"dan xal alan "Rəvan" isə turnir cədvəlinin aşağılarından uzaqlaşmaq üçün sensasiyaya imza atmaq əzmindədir.

Çempionatın təqvimindəki növbəti dəyişikliklərdən sonra şənbə günü 3 qarşılaşma baş tutmalı olacaq. Günün ilk oyununda "Bakı" ilə "İnter" növbəti paytaxt derbisinə çıxacaq. Paytaxtın eyniadlı təmsilçisi liderlərdən uzaq düşməmək üçün qalib gəlməyə borcludur. "Bankirlər" isə son pilləni tərk etmək, onsuz da zərbə alan imiclərini qorumaq üçün həmyerlilərindən üstün olmalıdır.

Azərbaycanın ən titullu klubu "Neftçi" "Sumqayıt"la səfərdə oynamalı olsa da, bu dəfə qarşılaşma Bakıda keçiriləcək. Buna səbəb Sumqayıtdakı stadionun ot örtüyünün sıradan çıxması göstərilir. Lakin bunu UEFA prezidenti Mişel Platininin Bakıya səfəri ilə də bağlamaq olar. Onun Bakıda olduğu vaxt bu qarşılaşmanı izləməsi gözlənilir. Paytaxt təmsilçisi startda zəif təsir bağışlayan rəqibi üzərində növbəti qələbəsini qazanmaqla liderliyi ələ keçirmək imkanı qazanıb.

Lakin "ağ-qaralar" 1-ci pilləyə yüksəlsə də, onların liderliyi qısa sürə bilər. Çünki ardınca meydana çıxacaq "Qarabağ" mövqeyini qaytara bilər. Özü üçün münasib olmayan rəqiblə - "Simurq"la görüşəcək ağdamlılar bunun üçün xal itirməməlidir. Əyalət təmsilçisi bu görüşdə qalib gəlməklə rəqibinə çatmaq imkanına malikdir.

Tura AZAL-la "Xəzər Lənkəran" arasında qarşılaşma ilə yekun vurulacaq. Bakılılar ötən tur başa çatan qə qələbə seriyasından sonra yenidən uğur axtarışındadır. Cənublular isə əksinə 1 həftə əvvəl uğursuzluq zolağında çıxıblar. "Təyyarəçilər" xal hesabını yaxşılaşdırmaq üçün xal itirməməyə çalışacaq. Cənublular isə startdakı uğursuzluqlardan sonra artıq xal itirmək limitini bitirib.

Topaz Premyer Liqası

VII tur

20 sentyabr (cümə)

17:00. "Qəbələ" - "Rəvan"
Qəbələ şəhər stadionu

21 sentyabr (şənbə)

17:00. "İnter" - "Bakı"
"Şəfa" stadionu

19:00. "Neftçi" - "Sumqayıt"
"Bakcell Arena" stadionu

19:30. "Qarabağ" - "Simurq"
"Dalğa Arena" stadionu

22 sentyabr (bazar)

19:00. AZAL - "Xəzər Lənkəran"
"AZAL Arena" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31