“Ən böyük arzum milli komandada oynamaqdır..” - MÜSAHİBƏ
Cavid İmamverdiyev: “Azərbaycanda Avropada oynamağa layiq olan kifayət qədər futbolçu var”
18 Sentyabr 2013 15:34 İdman"Neftçi" klubunun yarımmüfafiəçisi Cavid İmamverdiyev "OLAYLAR"a müsahibə verib.
-Futbola həvəsiniz nə zamandan yaranıb?
-Futbola həvəs məndə uşaqlıqdan yaranıb. 5-6 yaşımdan futbol oynayıram. O zamanlar top almağa imkanımız olmadığından qozalarla oynayırdım. Yaxud da ucuz olduğu üçün rezin toplar alıb onunla oynayırdıq. Artıq 8-9 yaşıma çatanda Rasim Məmmədov adlı məşqçinin yanına getdim. O bizdə olan həvəsi görüb mənimlə birlikdə 10-15 nəfəri hazırlaşdırırdı. Hazırda Azərbaycan çempionatında onun tələbələri də çıxış edirlər. Mən Rasim müəllimə çox minnətdaram ki, mənə futbolun sirlərini öyrədib. Bəzən elə vaxtlar olurdu ki, oyuna getmək üçün pulumuz olmurdu. Həmin insan öz cibindən bizə pul verirdi ki, bircə biz futbol oynayaq. Biz sözlə, Rasim Məmmədov bizi yetişdirdi. Daha sonra Tovuzun "Turan" komandasında oynamışam. Oradakı rəhbərliyin də mənim üzərimdə böyük əməyi olub. Mən bunu heç vaxt danmıram.
-Peşəkar futbola harda başlamısınız?
-Peşəkar futbola isə "Neftçi"də başlamışam. Mən üç dəfə "Neftçi" klubuna müraciət etmişdim, lakin məni kluba qəbul etməmişdilər. Daha sonra Arif Əsədov "Neftçi"nin ikinci heyətinə baş məşqçi kimi gəldikdən sonra mənə də ikinci heyətdə oynamaq nəsib oldu. O insan məni elə yetişdirdi ki, məndə futbola olan həvəs daha artdı. 4 oyuna çıxmağıma baxmayaraq hələ də kluba qəbul edilməyimdən xəbərim yox idi. Arif Əsədova da mənə şans verdiyi və mənə inandığı üçün minnətdaram. Mənim "Neftçi"də olmağımda Arif Əsədovun böyük rolu var.
-İlk rəsmi qolunuzu hansı klubun qapısından keçirmisiniz?
-Rəsmi oyunlarda ilk qolumu "Kəpəz" klubunun qapısından keçirtmişəm.
-Ən yadda qalan qolunuz?
-Mənim ən yadda qalan qolum 21 yaşlılardan ibarət Azərbaycan yığması forması ilə Moldovaya vurduğum qoldur. Bir də ən yadda qalan qolum Bakıda "Zestafoni"yə vurduğum qoldur.
-Azərbaycan premyer liqasında sizin üçün ən çətin rəqib hansıdır?
-Hazırda premyer liqada mənim üçün ən çətin rəqib "Qarabağ"dır. "Qarabağ" bu il Avropa Liqasında çox gözəl oyun sərgilədi. Qrupa düşməsə də layiqli oyun göstərdi. Qrupa düşməyə layiq idi. Azərbaycanı öz oyunu ilə bir daha tanıtdı.
-Pərəstiş etdiyiniz dünya futbol ulduzu varmı?
-Mənim uşaqlıqdan indiyə qədər və bundan sonra da yeganə pərəstiş etdiyim futbolçu Zinəddin Zidandır. Təbii ki, indi dünyada Kriştiano Ronaldo, Leonel Messi kimi futbol ulduzları da var. Amma mən Zinəddin Zidan, braziliyalı Ronaldo kimi futbolçu hələ ki görməmişəm. Mən həmişə çalışmışam ki, Zidandan nəsə öyrənim, özümü ona bənzətməyə çalışmışam.
-Hansı ölkələrdən təkliflər almısınız?
-Mənə Ukrayna və Türkiyə klublarından çox təkliflər gəlib və indi də gəlməkdədir.
Mənim klub prezidentim Sadıq Sadıqov həyatda mənim ən yaxın dəstəkçilərimdən biridir. Mənim ən yaxın insanlarımın mənə etmədiyini klub prezidentim edib. Mən onun zəhmətini heç zaman itirmərəm. Sadıq Sadıqov nə vaxt desə ki "Cavid, çıx get," mən o zaman gedəcəyəm. Mənim getməyimi rəhbərliyim məsləhət bilmədi. Bundan başqa mənim üzərimdə Tahir Süleymanov, Güloğlan Cabbarov, Kamal Quliyev, Bəxtiyar müəllim, baş məşqçim Tərlan Əhmədovun da böyük əməyi var. Mən bu insanların adlarını xüsusilə vurğulayıram. Bu insanlar mənə hər zaman kömək olurlar.
-Hansı ölkə çempionatlarında oynamaq arzusundasınız?
-Arzum odur ki, Ukrayna, Türkiyə və İspaniya klublarının birində çıxış edim. -Uşaqlıqdan arzum olub ki, İspaniyada oynayım. Sonradan Ukrayna və Türkiyədən təkliflər gəldikcə orada da futbolu gördüm və orada da oynamaq istəyirəm. Ümumiyyətlə, Azərbaycanda çox futbolçular var ki, Ukrayna, Türkiyə, İspaniya klublarında oynamağa layiqdirlər. Sadəcə Azərbaycan futboluna Avropada maraq az olduğundan futbolçularımız diqqətdən kənarda qalır. Azərbaycanda kifayət qədər futbolçu var ki, çox rahat şəkildə Avropada oynaya bilər.
-Azərbaycanda və dünyada kimin məşqçiliyi altında futbol oynamaq istərdiniz?
-Azərbaycanda mən istərdim ki, Qurban Qurbanovun məşqçiliyi altında futbol oynayım. O insan hər zaman gənclərə dəstək verir. Qurban Qurbanov həm güclü psixoloqdur, həm güclü məşqçidir, həm də gözəl insandır. Dünya futboluna gəldikdə isə istərdim ki, Fatih Terimin məşqçiliyi altında meydana çıxım.
-Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
-Boş vaxtım çox az olur. Məşqdən sonra 2 saat evdə dincəlirəm,axşamlar isə dostlarla birlikdə öz aramızda futbol oynayırıq. Vaxtımı səmərəli keçirməyə çalışıram.
-Azərbaycan milli yığma komandasının başında kimi görmək istəyirsiniz?
- Mən Arif Əsədov, Qurban Qurbanov, Böyükağa Hacıyev və Kahaber Tsxadadzeni Azərbaycan millisinin baş məşqçisi kimi görmək istəyirəm.
-Çempionatda və milli yığma komandada çıxış edən legionerlərə münasibətiniz necədir?
-Mən hesab edirəm ki, əgər legioneri cəlb edirlərsə elə birisi olsun ki, biz onlardan nəsə öyrənə bilək. Əgər bir legioner gəlib məndən zəif oynayacaqsa və mən ondan yaxşı oynadığım halda milliyə çağrılmıramsa elə legioner kimə lazımdır? Futboldan anlayışı olan insanlar da bunu bilir ki, legioner güclü olmayacaqsa mən ondan nə götürə bilərəm. Mən "Neftçi"nin legionerlərini uğurlu hesab edirəm. Mən, məsələn, Flavinyodan çox şey öyrənmişəm. Vobay, Kardosa, Kanales də uğurlu çıxış edirlər. Mən şəxsən fəxr edirəm ki, "Neftçi"nin legionerlərindən nəsə öyrənə bilmişəm. Ancaq millidə çıxış edən legionerlərdən qat-qat güclü olan milli futbolçularımız var. Onlar sadəcə olaraq batıb gedirlər.
-Cavid İmamverdiyev ulduz xəstəliyinə tutulub?
-Mən həmişə qorxmuşam ki, mənə desinlər ki, Cavid ulduz xəstəliyinə tutulub. Bəlkə də çoxları elə düşünürlər ki, mən artıq ulduz xəstəliyinə tutulmuşam. Şükür Allaha, məni tanıyan insanlar bilirlər ki, mən əvvəlcə necə idimsə, indi də o cürəm. Əvvəl mənim yanımda kimlər vardısa indi də həmin insanlardır mənim yanımda. Hələ ki, heç kəs mənə ulduz xəstəliyinə tutulduğumu deməyib.
-Karyeranızla bağlı ən böyük arzunuz nədir?
Mənim ən böyük arzum milli forma geyinməkdir. Mən bir dəfə də olsun millinin rəsmi oyununda oynamamışam. Mən özümü milli komandada oynamaq üçün hazır hesab edirəm. Mən hesab edirəm ki, millidə olan legionerlər milliyə can yandırmayacaqlar. Hər kəs mənim millidə oynamağımın tərəfdarıdır. Jurnalistlər də dəstəkləyirlər məni. Amma hələ də Berti Foqts məni milliyə çağırmır. Ancaq mən 21 yaşlılardan ibarət Azərbaycan yığmasında çıxış etmişəm. Avropa Çempionatının oyunlarında da 6 qoldan 3-nü mən vurmuşdum. Gənclərin yığmasında əziyyətim keçib. Gənclərin yığmasında Yaşar müəllim, Babək müəllim mənə böyük dəstək olublar. Onlara təşəkkürümü bildirirəm.
Sevda Qurbanqızı