Uinston Parksın yeni klubu bəlli oldu

Ötən mövsümün sonunda "Bakı"da ayrılan Uinston Parksın işsiz günləri sona çatıb. Apasport.az saytının məlumatına görə, Kosta-Rika yığmasının sabiq üzvü karyerasını vətənində davam etdirəcək. "Xəzər Lənkəran"dakı çıxışı ilə azərbaycanlı futbolsevərlərin rəğbətini qazanan təcrübəli hücumçu hazırda "Uruqvay Koronado" klubunun düşərgəsindədir.
Parksın yeni komandasının baş məşqçisi Karlos Uotson yerli mətbuata açıqlamasında bildirib ki, onun xidmətində maraqlıdırlar: "Uinston məşq etmək üçün düşərgəmizə gəlib. Biz ona komandada qalmağı təklif etmişik. Biz bilirik ki, onun xaricdən təklifləri var. Hərçənd, Parks formasını bərpa etmək üçün ən azı 4 həftə səylə çalışmalıdır. Əgər bundan sonra daha sərfəli təklif alarsa, gedişinə maneə törətməyəcəyik".

Qeyd edək ki, Kosta-Rika millisinin heyətində 30 matç keçirən Uinston Parks "Xəzər Lənkəran"da oynadığı dönəmdə cənublu azarkeşlərin sevimlisinə çevrilə bilsə də, "Bakı"da ümidləri doğrultmadığı üçün komandadan qovuldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31