“Azərbaycan millisi əsas diqqəti müdafiəyə yönəldəcək”
16 Sentyabr 2013 20:35 İdman"Bu yaş qrupuna aid ən yaxşı futbolçular hazırda millinin sərəncamındadırlar". Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının baş məşqçisi Sergey Kiryakov deyib.
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçiriləcək. X qrupda yer alan yığmamızın rəqiblərindən biri də Şimal qonşularımızdır. Rusiyanın Volqoqrad şəhərində təşkil olunacaq seçmə matçları ərəfəsində Rusiyanın Futbol İttifaqının rəsmi saytına danışan Kiryakov yarışa ciddi hazırlaşdıqlarını söyləyib: "Bütün oyunçular tibbi baxışdan keçdilər və artıq onların fiziki durumları ilə bağlı əlimizdə ətraflı məlumatlar var. Bu bilgilərə uyğun olaraq toplanış planı hazırladıq. Əsas diqqəti həm hücumda, həm də müdafiədə komanda şəklində hərəkət etməyi təkmilləşdirmək üzərində qurmuşuq. Yaxşı bilirik ki, AÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz əsas diqqəti müdafiəyə yönəldəcək və biz də həmin səddi yarmalı olacağıq. Bunun üzərində işləyirik, lakin müdafiəni də unutmuruq. Yalnız bir problemimiz var - toplanışlar və turnirlər arasında məsafə böyükdür. Həmçinin qol vəziyyətlərini reallaşdırmaq üzərində işləməliyik. Belə ki, qalibi olduğumuz Palanqa turnirində çox say da qol epizodları yaratsaq da, onların yalnız bir neçəsindən yararlana bildik".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə meydan sahiblərində başqa Slovakiya və İslandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq. Yığmamız sentyabrın 21-də baş tutacaq ilk turda İslandiya ilə görüşəcək. Komandamızın ayın 23-dəki rəqibi isə Rusiya olacaq. Sentyabrın 26-da keçiriləcək son turda isə millimiz Slovakiya ilə münasibətlərini ayırd edəcək.