“Üst sıralara qalxdıqca rahat danışmaq olar” - MÜSAHİBƏ
11 Sentyabr 2013 14:40 İdmanTopaz Premyer Liqasının VI turunda "Rəvan"la qarşılaşacaq "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın apasport.az saytına müsahibəsi
- Yığmaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilənin komandanız üçün nə kimi xeyri oldu?
- Yaxşı məşqlər keçdik. Çempionatın qalan hissəsinə yaxşı başlamaq üçün üzərimizdə çox işlədik. AZAL-la oyundakı səhvlərimizi analiz etdik. Çalışacağıq ki, növbəti oyunlarda bu cür səhvlərə yol verməyək.
- Avropa Liqasının oyunları ilə əlaqədar əksər futbolçular yorğunluqdan şikayətlənirdi. AZAL-a məğlubiyyətin əsas səbəbi kimi də yorğunluq göstərilirdi...
- Yorğunluğumuz çıxdı. Bilirsiz, AZAL-la oyundan əvvəl Almaniyada "Ayntraxt"a qarşı 90 dəqiqə mübarizə apardıq. Bundan sonra çempionat matçına hazırlaşmaq üçün cəmi iki gün vaxtımız oldu. Bizi oyundan daha çox səfər yormuşdu. Buna baxmayaraq, əlimizdən gələni etdik, pis oynamadıq. Vacib olan çempionatın qalan oyunlarında yaxşı çıxış etməkdir. "Rəvan"la oyunumuz var. Fikrimizi bu matça yönəltmişik. Məqsədimiz 3 xal qazanmaqdır. Düzdür, millidən gələn oyunçularımız oynadıqlarına görə, yorğundurlar. Onlarla müqayisədə biz normal dincəldik.
- Bəs həmin yorğun futbolçular sizə maneə yada bilərmi?
- Onları əvəzləyəcək futbolçularımız var. Bu baxımdan narahat olmağa dəyməz.
- "Rəvan" haqda nə deyə bilərsiz?
- Çətin oyun olacaq. Çempionatda asan oyun, rahat yeniləcək komanda yoxdur. Hamı yaxşı yerlər üçün mübarizə aparır.
- Ötən ilin startında "Qarabağ"ın qarşısına çempion olmaq məqsədi qoyulmuşdu. Komanda hədəfdən sona yaxın uzaq düşdü. Bu il necə, ötən il bacara bilmədiyinizi reallaşdırmağa gücünüz çatacaqmı?
- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hədəf çempionluqdur. Ancaq indidən dəqiq söz demək olmaz. 3-4 oyundan sonra müəyyən mülahizələr yürüdə bilərik. Üst sıralara qalxdıqca rahat danışmaq olar. Hər şey sonda bilinəcək.
- Arxada qalan 5 turu həm "Qarabağ", həm də digər rəqiblərin nöqteyi-nəzərindən necə dəyərləndirərdiniz?
- Çempionat asan keçməyəcək. Rəqiblərin hamısı çox güclənib. AZAL bu gün turnir cədvəlinə başçılıq edir. "Neftçi", "Bakı" çox güclüdürlər. "Xəzər Lənkəran" isə özünə gəlməyə çalışır. "Qəbələ" haqda da xoş sözlər söyləmək lazımdır. Gərgin mübarizə gedəcək.
- İlk vaxtlar "Qarabağ"da yeganə braziliyalı futbolçu idiz. Sonra Reynaldo, ardından isə Çumbinyo gəldi. İndi özünüzü rahat hiss edirsinizmi?
- Biz burada ailə kimiyik. Reynaldo və Çumbinyo ilə birgə özümü yaxşı hiss edirəm. Hər ikisi yüksək səviyyəli futbolçudur. Ailələrimiz də birgə gəzirlər. Aramızda güclü dostluq münasibəti var. Şadıq ki, klubdan tərcüməçi də ayırıblar. Onun vasitəsilə komanda yoldaşlarımızla rahat ünsiyyət qururuq.