“Xəzər Lənkəran”ın eks-futbolçusu Kosta-Rikanı dünya çempionatına çıxardı

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına daha 5 ölkə yığması vəsiqəni təmin edib. Lent.az-ın məlumatına görə, seçmə oyunlarda Avropa zonasından bu hüquqa İtaliya və Hollandiya, Cənubi Amerikadan Argentina, Şimali Amerika və Karib hövzəsi zonasından isə ABŞ və Kosta-Rika milliləri yiyələnib.
Hollandiya yığması D qrupunda sona 2 tur qalmış Andorra üzərində 2:0 hesablı səfər qələbə sayəsində final mərhələsinə yüksəlib. Bu, Türkiyə ilə eyni qrupda yer alan "narıncılar"ın 7-ci qələbəsi olub. Rumıniyanın Hollandiyanı keçmək üçün nəzəri şansları olsa da, Türkiyəyə 0:2 hesablı məğlubiyyət buna imkan verməyib. Əvəzində Estoniyanı 5:1 hesabı ilə darmadağın edən Macarıstan 2-ci pilləyə qalxıb.
İtaliya isə B qrupunda Çexiya üzərində əzmkar qələbədən sonra Braziliyaya vəsiqəyə nail olub. 1:2 hesablı məğlubiyyətdən sonra Çexiya yığmasının baş məşqçisi Mixal Bilek istefaya göndərilib.
Avropa zonasından daha 7 birbaşa vəsiqənin taleyinə gələn ay aydınlıq gələcək. İkinci yeri tutan və öz qruplarında 1, 3, 4 və 5-ci olanlarla görüşlərində ən yaxşı göstəricilərə malik 8 komanda isə "pley-off"da üz-üzə gələrək, daha 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.
Argentina yığması isə Paraqvay üzərində 5:2 hesablı qələbə sayəsində öz zonasında 1-ci yeri tutaraq, 5-ci pillədəki Uruqvayı 7 xal geridə qoyub. Lionel Messi 1-i penaltidən olmaqla, 2 qol vurub. Bu zonadan dünya çempionatına 4 birbaşa vəsiqə verilir. 5-ci yeri tutan isə Asiya zonasında ilkin "pley-off" mərhələsinin qalibi İordaniya ilə üz-üzə gələcək. Ərəblər Özbəkistanla hər iki qarşılaşmada 1:1 hesablı heç-heçə etsələr də, penaltilər seriyasında qələbə qazanıblar - 9:8. Ötən gün keçirilmiş cavab görüşündə "Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimov 62 dəqiqə meydanda olub. Qarşılaşmadan sonra bu komandanın baş məşqçisi Mircəlal Qasımov istefa verib.



ABŞ Meksika üzərində 2:0 hesablı qələbə sayəsində 16 xalla 1-ci pillədə qalıb. Kosta-Rika isə Yamayka ilə heç-heçəyə nail olub - 1:1. Hesabı "Xəzər Lənkəran"ın sabiq futbolçusu Rendall Brenes açıb. 2012-ci ilin fevralından iyulunadək "ağ-yaşıl" formanı geyinmiş 30 yaşlı hücumçu kosta-rikalıları irəli çıxarıb. Sona 2 tur qalmış ABŞ və Kosta-Rika "pley-off" zonasında olan və 8 xala malik Meksika üçün əlçatmaz olub.



Qeyd edək ki, 2014-cü il iyunun 12-də start götürəcək dünya çempionatına təşkilatçı Braziliyadan əlavə, 31 ölkəyə vəsiqə veriləcək. Hollandiya, İtaliya, ABŞ, Kosta-Rika və Argentinadan öncə Yaponiya, Avstraliya, İran və Cənubi Koreya da bu hüquqa yiyələnib. Qalan 22 vəsiqənin taleyinə ilin sonunadək aydınlıq gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31