“Bizi hesab yox, onların işinə yanaşması qorxudur” - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- İsraillə oyunda 1:1 hesabından sonra gənclərin 2:7 hesabı ilə uduzması əhvalınızı korlamadı ki?
- Təbii ki, futbolçuların məsuliyyətsizliyi bizi narahat edir. Artıq U-21-in məşqçilər korpusu ilə bu məsələni müzakirə etmişik. Bu həftə mütləq futbolçuları cəzalandıracağıq. Onlar gündəlik pullarını ala bilməyəcəklər. Əsas yığma isə özünü yaxşı tərəfdən göstərdi. Artıq millinin son vaxtlar səfərdə keçirdiyi oyunlar öz bəhrəsini verir. Səfərdə yalnız Portuqaliya və Rusiyaya uduzmuşuq. Şimali İrlandiya və İsrail kimi komandalara səfərdə qol vurduq. Sevindirici haldır ki, ilk qolu da biz vurduq. Futbolçularımız çox yaxşı oyun nümayiş etdirdilər. Hesab edirəm ki, onlar məşqçinin taktiki tapşırığını yerinə yetirdilər. Oyundan görünürdü ki, məşqçi onlardan nə tələb edib. 1:1-dən sonra da futbolçularımız qələbə üçün qol arayışında idi. Ancaq təəssüf ki, son dəqiqələrdə yerinə yetirdiyimiz cərimə zərbəsini rəqib komandanın qapıçısı zərərsizləşdirə bildi. Oyundan sonra yenidən deyə bilərik ki, biz İsraildə 2 xal itirdik. Ümid edirəm ki, növbəti ev oyunlarımızda komanda xalları qazanacaq.

- Heç-heçələr çox olsa da, qələbə yoxdur. Bunun qarşısını almaq mümkün olacaq, yoxsa?
- Əvvəlki oyunlarda da qələbə yox idi. Həmişə uduzurduq. Ancaq indi heç-heçələr var ki, bu, gözəl haldır. Təbii ki, 2 oyunun hərəsindən 3 xal qazansaq, futbolçularda inam artacaq. Araz Abdullayev və Qara Qarayev kimi U-21-dən çıxan futbolçular artıq əsas millidə forma geyinir. Yığmanın orta yaş həddi 24-dür. Bu isə o deməkdir ki, növbəti 6 ildə də bu futbolçular millidə oynayacaq. Ehtiyatda da futbolçularımız var. Rüfət Dadaşov artıq milli ab-havasına uyğunlaşıb. O, adaptasiya prosesini artıq keçib.

- Şimali İrlandiya ilə oyunda son dəqiqələrdə top buraxdıq ki, bu da futbolçularımızı "yandırdı". Həmin komandaya qarşı oyunda qisas hissi komandanın köməyinə çata bilərmi?
- Şimali İrlandiya ilə oyunda 3 xal bizə lazımdır ki, azarkeşlərimiz stadionlara gəlsin. İnanıram ki, İsraillə oyunun nəticəsini nəzərə alaraq, azarkeşlərimiz stadiona gəlib komandaya dəstək olacaq.

- Təşkilatçılıq barədə nə deyə bilərsiniz? 2 komandamız birdən səfərə çıxmışdı...
- Bir tərəfdən çətindir. Ancaq maliyyə baxımından bu, yaxşı haldır. Çünki əlavə reys tapmağa ehtiyac qalmır. Ancaq növbəti tsikldən sonra əsas millilərlə U-21-lər əvvəlki vaxtlarda olduğu kimi eyni ölkələrə qarşı oynayacaq. Biz UEFA-da bu sistemə səs vermişik. Bir çarter reysi tuturuq, mətbuat nümayəndələri eyni vaxtda 2 oyun izləmək imkanı əldə edir. U-21-in əsas milli ilə birgə səfərə çıxması da futbol baxımından yaxşı haldır. Onlar da hiss edir ki, artıq əsas milliyə düşməyə az qalıb.

- Həm də birgə səfər azarkeş dəstəyi baxımından da yaxşıdır.
- Əlbəttə. Belə olanda hər 2 komanda bir-birini stadionda dəstəkləyə bilir.

- Belə olarsa, il ərzində nə qədər qənaət olacaq?
- Təxminən 400 minə yaxın.

- 2:7-dən sonra baş məşqçi haqqında hansısa qərar görüləcəkmi?
- Biz məşqçilər korpusundan hesabat gözləyirik. Biz onlarla İsraildə qısa söhbət etmişik. Burda əsas məsələ futbolçuların məsuliyyətsizliyidir. Bizi hesab yox, futbolçuların işinə yanaşması qorxudur. Çünki futbolçular bilirdi ki, Berti Foqts stadiondadır. O, bu futbolçulardan bəzilərini növbəti oyunlara çağıra bilərdi. Bəlkə artıq onlar klublarında əsas heyətdə oynadıqları üçün arxayınlaşırlar. Ancaq unutmasınlar ki, biz 21 yaş məsələsini İcraiyyə Komitəsində yenidən qaldıra bilərik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31