“Xəzər Lənkəran”ın qisasını aldıq” - MÜSAHİBƏ
10 Sentyabr 2013 20:06 İdmanAzərbaycan yığmasının və "Xəzər Lənkəran" klubunun dayaq yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- İsraillə 1:1 hesablı bərabərliklə yekunlaşan qarşılaşma barədə fikirlərinizi bilmək istərdik...
- Bizim üçün çətin olacağını bilirdik. İsrail millisi yaxşı komandadı, bizdən fərqli, qrupdan çıxmaq üçün oynayır. Ancaq biz öncədən inanırdıq ki, səfərdə ən azı 1 xalla qayıdacağıq. Buna da nail olduq.
- 1 xal qazanacağınıza dair formalaşmış inam hissi haradan irəli gəlirdi? Bakıdakı heç-heçədən?
- Xeyr. Sadəcə, komanda bu sınağa yaxşı hazırlaşmışdı. Özümüzü yaxşı hiss edirdik. Ona görə də yaxşı nəticə qazanacağımıza inam vardı.
- Millidə ilk qolunuzu vurdunuz. Bunu gözləyirdiniz?
- Açığı, yox. Onsuz da, qolu kimin vurmasının fərqi yoxdur. Əsas odur ki, bunun komandaya xeyri dəysin.
- "Xəzər Lənkəran"ın heyətində Avropa Liqasında Hayfa "Makkabi"sinə qarşı 0:8 hesablı məğlubiyyətin iştirakçısı olmusunuz. Bu qarşılaşmada həmin komandanın üzvləri də sizə qarşı oynayırdı. Həmin futbolçulara qarşı oynamaq sizdə qisas hissi yaratmamışdı?
- Tək məndə yox, bütün komandada belə hiss vardı. Çünki "Xəzər Lənkəran" da Azərbaycanın klubudur. Ona görə də bütün futbolçular "Xəzər Lənkəran"ın qisasını almaq istəyirdi. Qələbə qazanmasaq da, heç-heçə həmin qisasın müəyyən hissəsini çıxdı. Onu da deyim ki, AFFA prezidenti Rövnəq Abdullayev oyundan əvvəl komanda üzvləri ilə görüşdü, tapşırıqlarını verdi və üzərimizə böyük məsuliyyət hissinin düşdüyünü bildirdi. "Xəzər-Lənkəran"ın formasını geyindiyimdən bu məsuliyyət mənim üçün ikiqat oldu. Çox şadam ki, yığmamızın üzvləri ilə birlikdə bu tapşırığın öhdəsindən layiqincə gəldik.
- Həmin israilli futbolçularla qarşılaşmadan sonra görüşdünüzmü?
- "Makkabi"dən 3 futbolçu vardı, onlarla görüşdüm. Məni tanıdılar.
- Millinin növbəti görüşü haqqında nə deyə bilərsiniz?
- Növbəti seçmə oyunlarımız evdədir. Bu tsikldə qələbə qazana bilməmişik. Qalan 2 oyunda çalışacağıq ki, maksimum nəticə qazanaq. Ancaq ağır görüşlər olacaq.
- Çempionatın VI turunda Lənkəranda "Bakı" ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı da nə düşünürsüz?
- Nə deyim? Komandada vəziyyət pisdir. Son vaxtlar yaxşı oynayırıq, ancaq qol imkanlarından yararlana bilmirik. Çalışacağıq ki, öz azarkeşlərimizin önündə ilk qələbəmizi qazanıb, qara zolaqdan çıxaq.
- İsrailə gəlməmişdən öncə Elnur Allahverdiyevin komandadan göndərildiyini bilirdiniz?
- Yox, mən də saytlardan oxumuşam.
- Kamran Ağayevdən sonra daha bir yerli oyunçunun komandadan göndərilməsi sizə təsir edirmi?
- İnanmıram ki, Elnur komandadan gedər. Ancaq saytlar belə yazıb. Qayıdandan sonra (müsahibə milli İsraildə olarkən götürülüb - S.T.) hər şeyə aydınlıq gələcək.