Milli komandada 5-ci qol STATİSTİKA

DÇ-2014-ün seçmə mərhələsində keçirilən İsrail - Azərbaycan oyununda milli komandamızın yeganə qolunu "Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyev vurub. Siasport.az saytının məlumatına görə, "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi yığmada keçirdiyi 31-ci matçında ilk qoluna imza atıb. Bunlardan 15-i dünya və Avropa çempionatlarının seçmə oyunlarıdır. Ramat-Qanda baş tutan qarşılaşmayadək "Xəzər Lənkəran"ın futbolçuları ölkəmizin əsas milli komandasında 4 qol vurmuşdu. Əmirquliyev yığmamız üçün qol vuran 5-ci "Xəzər Lənkəran"lı oldu.

Maraqlıdır ki, bu qollardan 2-si cari seçmə mərhələyə təsadüf edib. Belə ki, DÇ-2014-ün seçmə mərhələ oyunlarında yığmanın vurduğu 4 qola hamıdan çox - 2 topla "Xəzər Lənkəran" töhvə verib. İsraillə ötən il sentyabrın 7-də Bakıda keçirilən və indiki kimi 1:1 hesabı ilə başa çatan qarşılaşmada qolu Ruslan Abışov vurmuşdu. 365 gün əvvəl o da "ağ-yaşıllar"ın üzvü idi.

Millidə "Xəzər Lənkəran" təmsilçisinin ilk qolu 2005-ci ildə qeydə alınıb. Mayın 29-da Tehranda İran yığması ilə yoldaşlıq oyununda Alim Qurbanov millinin qolunu vurub. Lakin bu qol komandamıza məğlub olmamaq üçün kifayət etməyib - 1:2.

2007-ci il iyunun 6-da "Xəzər Lənkəran"lı futbolçular seçmə mərhələlərdə ilk qolunu vurub. Almatıda Qazaxıstanla 1:1 hesablı heç-heçə edən yığmamız Vüqar Nadirovun qolu ilə xal qazanmışdı.

2012-ci il isə klubun yığmadakı təmsilçiləri üçün daha məhsuldar keçib. Ruslandan başqa, Branimir Subaşiç də rəqib qapısına yol tapıb. Milliləşən serbiyalı avqustun 15-də Bəhreynlə Bakıdakı yoxlama oyununda fərqlənməklə 3:0 hesablı qələbəyə töhvə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31