Con Oluremi: İlk turdakı nəticə bizi ayıltdı – MÜSAHİBƏ

AZAL klubunun hücumçusu Con Oluremi Topaz Premyer Liqasında geridə qalan V turu dəyərləndirib. Amerikalı futbolçu apasport.az saytının əməkdaşı ilə söhbətində uğurlu startdan, heyətdəki dəyişikliklərdən danışıb. O, həmçinin ölkəmizin özəlliklərindən söz açıb.

- Premyer Liqanın 5 turu arxada qaldı. Həm AZAL-ın, həm də digər komandaların çıxışını necə dəyərləndirirsiniz?
- Oyundan oyuna bir-birimizi daha yaxşı başa düşürük. Bəli, çempionata heç də yaxşı başlamadıq. İlk turda pis oyun nümayiş etdirdik. Sonra yığılıb təhlillər apardıq. Nəticəsini isə sonra gördük. Digər komandaların çıxışına gəldikdə, "Neftçi"nin, "Qarabağ"ın baxımlı futbol oynadığını qeyd edə bilərəm. Onlara qarşı oynamaq çətindir. Çünki topa nəzarət onlarda olur. "İnter"lə oyunumuz da çətin alındı. Çünki onların da qələbəyə ehtiyacı var idi. İndi isə qarşıdakı oyun haqda düşünürük.

- Bəs sonrakı qələbələr seriyasında dönüş nöqtəsi kimi nəyi göstərə bilərsiniz?
- Dönüş nöqtəsinin və ya uğurlarımızın konkret səbəbinin nədən ibarət olduğunu deyə bilmərəm. Sanki ilk turdakı nəticə bizi ayıltdı. Sonra isə şokdan çıxmağa başladıq.

- Ötən mövsümün startında da AZAL uğurlu oyunları ilə yadda qalmışdı. Hətta komanda liderliyə də yüksəlmişdi. Sonradan isə eniş başladı və nəticədə ilk "altılığ"a düşə bilmədiniz. Analoji halın təkrarlanmasından ehtiyatlanmırsınız?
- Həmin vaxt komandada olmasam da baş verənlər haqda eşitmişdim. Bu, istənilən komandanın başına gələ bilər. Ona görə diqqətli olmalı, oyunlara yaxşı köklənməliyik. Qarşıda uzun marafon var.

- Yayda heyətdə çoxsaylı dəyişikliklər oldu. AZAL güclənib, yoxsa zəifləyib?
- AZAL komanda oyununa üstünlük verir. Bizim oyun üslubumuz hansısa futbolçunun fərdi keyfiyyətləri üzərində qurulmayıb. Düzdür, aparıcı futbolçularımızı itirdik. Junior Nildo, Zohair Benouahi yaxşı futbolçular idi. Onlar əvəzinə yeniləri dəvət olunub. Heyətin güclənib və ya zəiflədiyini zaman göstərəcək.

- Yayda sizin də başqa kluba keçəcəyiniz gözlənilirdi. Ancaq AZAL-da qalası oldunuz...
- Çünki komandada qalmaq istəyirdim. Ötən il bacardığım qədər komandama kömək etməyə çalışdım. Həm də cari mövsümü düşünürdüm. Komandada qalmaqla bağlı düzgün qərar verdiyimi fikirləşirəm.

- Transfer təklifi var idi?
- Açığı, agentim yoxdur. Müxtəlif söz-söhbətlər eşidirdim. Ancaq ortada konkret təklif yox idi.

- Maraqlıdır, ABŞ kimi inkişaf etmiş ölkəni qoyub Azərbaycana gəlməyiniz nə ilə bağlıdır?
- ABŞ-da 3 mövsüm keçirmişəm. Karyeramın sonlarını da orada keçirməyi düşünürəm. Xaricdə oynamaqdan həzz alıram. Yerli mədəniyyətlərlə tanış olmaq istəyirdim. Ona görə də ölkə xaricinə yollanmaq qərarına gəldim.

- Azərbaycan sizdə hansı təəssürat yaradıb?
- Ölkənizlə bağlı təəssüratlarım əsasən komandadakı yerli futbolçulardan yaranır. Bir dəfə toy şənliyində iştirak etdim. Çox dinamik toylarınız var. Bakı şəhərini də çox xoşlayıram. Azərbaycanda çoxlu tanışlarım var. Hamısı dəvət edir ki, gəl maraqlı adətlərimizlə, görməli yerlərimizlə səni tanış edək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31