Con Toşak Elnur Allahverdiyevin qələmini qırdı
5 Sentyabr 2013 19:34 İdman"Xəzər Lənkəran" daha bir futbolçunu komandadan kənarlaşdıra bilər. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Azərbaycan millisinin də üzvü olan Elnur Allahverdiyevdən imtina etmək istəyir. Bu məsələ sabah klub rəhbərliyi ilə məşqçi korpusu arasındakı görüşdən sonra dəqiqləşəcək.
Komandanın rəisi Səməd Mustafayev apasport.az saytına açıqlamasında bildirib ki, Allahverdiyev haqqında yayılan xəbərlər düzgün deyil: "Hal-hazırda millinin heyətində İsraildə olan Elnur Allahverdiyev bizim futbolçudu. O, komandadan kənarlaşdırılmayıb. Bu məsələyə sabah məşqçi korpusu və rəhbərliklə görüşdən sonra aydınlıq gətiriləcək".
Bir başqa mənbədən aldığımız xəbərə görə, Allahverdiyevin çıxışı baş məşqçi Con Toşakı qane etmir. Bu səbəbdən uelsli mütəxəssis onu heyətdən uzaqlaşdırmaq fikrində qətidir.
2010-cu ildən "ağ-yaşıl" formanı geyinən müdafiəçi bu klubun tarixində ən çox oyun keçirən futbolçulardan sayılır.
Belə ki, Topaz Premyer Liqasının V turunun qarşılaşması onun üçün yubiley xarakteri daşıyırdı. "Ağ-yaşıllar"ın heyətində 100-cü matçına çıxan arxa xətt oyunçusu klub tarixində ən azı bu qədər matça çıxan 6-cı futbolçudu.
Xatırladaq ki, Elnura qədər Toni Doblas, Eder Bonfim, Adrian Pit, Marin Orsuliç qovulmuşdu.