Heydər Əliyev adına boks turniri başlayır

Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Aysleben şəhərində növbəti boks çempionatına start verir. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  ümummilli lider Heydər Əliyevin adını daşıyan kəmər uğrunda Azərbaycandan ağırçəkili boksçumuz Elçin Əhmədov, Rusiyadan Adam Qadayev, Qırğızıstandan Timur Zaslavskiy, Belarusdan Henadzi Danilyuk, Polşadan Aleh Dymkavets, Artsem Hurbo, Almaniyadan Marko Angermann, Suriyadan Samir Nebo rinqdə öz gücünü sınayacaq. Çempionatın ilk turu sentyabrın 7-də Almaniyanın Aysleben şəhərində, ikinci turu isə Ukraynanın Xarkov şəhərində keçiriləcək. Boks turnurlərinin təşkilində Almaniyanın Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Heydər Əliyevin adını daşıyan Komitəyə öz dəstəyini göstərir.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində yaradılıb və həmin şəhərdə fəaliyyət göstərir. Dünya idmançılarını birləşdirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında dostluq əlaqələrini möhkəmləndirmək, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirmək məqsədilə yaradılan komitə fəaliyyət göstərdiyi müddətdə xalqımızın üçrəngli bayrağını uca tutub, Azərbaycan Respublikasının dövlət himnini dəfələrlə səsləndirməyə nail olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31