“Malta ilə oyunun nəticəsi bizi aldatmamalıdı” - MÜSAHİBƏ

Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat-Qan şəhərində İsrail millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- Milli komanda Bakıda keçirdiyi toplanışı başa vuraraq artıq İsrailə yollanır. Qarşılaşmaya nə dərəcədə hazırsınız?
- Rəsmi oyundu, məsuliyyətini anlayırıq. Yaxşı hazırlıq keçmişik. Komandada 1-2 zədəli futbolçu var. Amma komanda şəklində yaxşıyıq.

- Səfər matçında nəyə ümid etmək olar?
- Hər şey ola bilər. Rəqiblə başabaş oynamaq olar. İsrail supergücə malik komanda deyil. Onların da heyətlərində itkilər var. Səfərdə oynadığımızı nəzərə alaraq, heç-heçə də etmək olar, hətta qələbə də qazana bilərik. Əsas odu ki, inam olsun.

- Yığma cari mövsümdə udulası oyunların heç birində qələbə qazana bilmədi. Bu nədən irəli gəlir?
- Düzdü, xüsusilə Lüksemburqla oyunlarda qələbə qazanmalı idik. Bunu reallaşdıra bilsəydik, indi ab-hava tamam fərqli olacaqdı. Malta ilə oyunun nəticəsi də bizi aldatmamalıdı. Ciddi yanaşmalıyıq ki, qalib də gələ bilək.

- Turnir cədvəlindəki vəziyyət İsrail yığmasını daha da həvəsləndirə bilərmi?
- Əlbəttə, İsrail bu gün Rusiya və Portuqaliya kimi komandalarla qrupdan çıxmaq uğrunda mübarizə aparır. Tam fərqli istəklə çıxacaqlar. Nüfuz baxımından ən azı qələbə qazanmalıyıq.

- Formasını geyindiyiniz "Bakı" klubunun son görüşündə qol vurdunuz. Bu amil yığmadakı matça köklənmək baxımından müsbət rol oynaya bilərmi?
- Klub və millidəki ab-hava tam fərqlidi. Milliyə nə vaxt dəvət edilmişəmsə, çalışmışam ki, canla-başla verilən tapşırıqları yerinə yetirim, komandaya faydalı olum. İnanıram ki, həm özüm, həm də komandamız üçün yaxşı oyun olacaq.

- "Bakı" çempionata məğlubiyyətlərlə başlasa da, son üç oyunda qələbələri sıralayır. Qısa vaxt ərzində Milinko Pantiç nəyi dəyişdi?
- Nəticənin bu cür olacağı gözlənilən idi. Heyətdə dəyişiklik edildi. Yeni baş məşqçi, futbolçular gəldi. Yeni yığılmış komandayıq. Hər şeyə sıfırdan başlanıldı. Həm də mövsümün əvvəlində əksər klublarda bu hiss olunur.

- İşlərin qaydasına düşdüyünü söyləmək olarmı?
- Hər şey yaxşıdır. Ardıcı qələbələr qazanmışıq. İndi bunun davamını gətirməliyik.

- Klubunuzda qolları daha çox yerli futbolçular vurur...
- Baş məşqçi yerli futbolçulara daha çox güvənir. Həm də hücum xəttində öz oyunçularımız daha çoxdur. Bu da özümüzü göstərmək, yerli futbolçulara inam qazandırmaq baxımından əla fürsətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31