“Meydanda özümü evimdəki kimi hiss edirəm” - MÜSAHİBƏ

Məsud Özil: “Zinəddin Zidan mənim üçün təkdir”

Dünyaca məşhur futbolçulardan biri Məsud Özil Türkiyənin "Hürriyet" qəzetinə müsahibə verib."Hürriyet" qəzetinə istinadən "OLAYLAR" həmin müsahibəni təqdim edir.

-"Mançester Yunayted" sizi transfer etmək üçün 50 milyon avrodan keçməyə hazırdır. "Arsenal" da sizi izləyir. Həmçinin "Real Madrid"də xoşbəxt olmadığınız iddia edildi. Transfer ediləcəksinizmi, xəbərlər nə dərəcədə doğrudur?

-Həftə boyu bu məsələ haqqında çox yazıldı. Transferdən söhbət belə gedə bilməz. Nə "Arsenal", nə də "Mançester Yunayted"ə transfer olmuram. 2016-cı ilə qədər "Real Madrid"lə müqaviləm var. Mən burda olduğum üçün xoşbəxtəm. Dünyanın ən yaxşı komandasıdır, hər bir futbolçu burda olmaq istəyər. Niyə gedim? Madrid yaşamaq üçün gözəl şəhərdir. Madriddə həyat gözəl, hava superdir.

-İllik gəliriniz 10 milyon avrodur. Madriddə özəl həyatınız necə keçir? Dinamik gecə həyatınız varmı?

-Əslində həyatım düşündüyünüz kimi deyil. Burda çox vaxt keçirə bilmirəm. Mən ev adamıyam. İdmançıyam, daim formada olmalıyam. Gecə gəzintilərinə icazəm yoxdur. (Futbolçu qarşısında əyləşən qardaşını və xalası oğlunu göstərir) Gecə həyatını bu ikisindən soruşun, onlar daha yaxşı bilər.

-Evdə nə edirsiniz bəs? Playstation oynayırsınız?

-Playstation oynamaq yaşım gedib artıq. Əvvəllər oynayardım. İndi daha çox bilyard oynayıram. Film də izləyirəm. Kinoteatra getmək istəyirəm, amma burada filmlər ispanca olduğundan tam anlaya bilmirəm. Düsseldorfda daha çox gedirdim kinoteatra.

-Avtobusda belə fanatlarınız rahat buraxmır sizi. Mən elə düşünürəm ki, rahatca kinoteatra gedə bilmirsiniz.

-Təbii ki. Səhər seanslarına getmək mümkün olmur. Daha çox gecə gedirəm.

-Komandada ən çox kimlərlə yaxınsınız? Kriştiano Ronaldo və sevgilisi İrina Şaykla bir yerdə vaxt keçirdiyinizi deyirlər. Ronaldo necə insandı?

-Yəni, yaxşıdır. Onunla, İrina ilə vaxt keçirmək deyəndə nəyi nəzərdə tutursunuz?

-Dost kimi yəni...

-Başa düşdüm. Ronaldo mənim dostumdur, komanda yoldaşlarımın hamısı ilə münasibətim yaxşıdır. Davamlı olaraq bir yerdə olduğumuz üçün istər-istəməz dost oluruq. Bir yerdə omayanda da bir-birimizlə əlaqə yaradırıq. Bir-birimizə mesaj -yazırıq ya da facebookda danışırıq. Amma düşündüyünüz kimi bir yerdə gəzməklər yoxdu. Madridə gəldiyimiz zaman çoxumuz evdə istirahət etməyi seçirik. Ora bura getməkdən yoruluruq onsuz da. Mənim özümun də dostlarım var. Mən ailə adamıyam. Rahatlıq ailədədir mənim üçün. Onların dəstəyi mənim üçün vacibdir. Böyük qardaşım və xalamoğlu daima mənim yanımdadırlar. Digər ailə üzvlərim də məni görmək üçün tez-tez Madridə gəlirlər, ya da mən Düsseldorfa gedirəm. Türkiyə də var təbii ki... Ona görə də ömrümuün yarısı meydanda, yarısı isə havada keçir. Daima yollardayam.

-Köklərinizə bağlı insansınız. Tez-tez Hışıroğlu kəndinə gedirsiz. Ən son getdiyinizda zurna ilə qarşılandığınız üçün sıxıldığınızı düşünürəm.

-(Gülür) Olur elə şeylər. O hadisənin üstündən çox zaman keçdi. Yenə gedirəm kəndə. Orda qohumlarım var. Vaxtım az olduğuna görə çox gedə bilmirəm.

-Kənd həyatınız necədir?

-Oraya gedəndə oturub daha çox söhbət edirik. Bir-birimizi uzun zamandır görmürük deyə sözümüz çox olur. Hər kəs öz işindən danışır. Bir də qəribə yeməklər yeyirik, elə bir süfrələr qurulur ki...

-Bəs İstanbulda?

-Orada çoxlu dostlarım var. Bəyəndiyim bir şəhərdir. Oraya getdiyim zaman dostlarımla daha çox vaxt keçirmək imkanım olur.

-Yeni baş məşqçiniz Karlo Ançelotti ilə münasibətləriniz necədir?

-Yeni məşqçimiz mənə çox inanır. Aramızda problem yoxdur, getdikcə öyrəşirik bir-birimizə. Biz burada bir ailə kimiyik. Mən də o ailənin bir parçasıyam. Son iki oyundakı performansımızı da gördünüz. Getdikcə daha yaxşı performans göstərəcəyik.

-Futbolda idealınız kimdir?

-Mənim üçün Zinəddin Zidan təkdir. Madriddə onu ilk dəfə gördüyümdə o qədər həyəcanlı idim ki... Uşaqlıqdan onun hərəkətlərini təqlid edə-edə öyrəndim futbolu. Nə vaxt yeni bir taktika etsə onu təkrarlamağa çalışırdım. Tanıdıqdan sonra nə qədər yaxşı bir insan olduğunu görüncə hörmətim daha da artdı. Futbolçu kimi bir əfsanə, amma eyni zamanda çox yaxşı bir insandır.

-Santiaqo Bernabeuda 85 min insanın qarşısına çıxmaq necə hisdir?

-Meydan da evimdə olduğum kimi rahatam. Heç bir stress, gərginlik yoxdur. Sadəcə əyləncə var. Meydanda olanda daha çox əylənirəm. qələbə hissi isə bambaşqadır.

-Alman müğənnisi Mandi Kapristoyla bir yerdəsiniz. Nyu-York səyahətinizdə nişanlandığınız deyilir. Doğrudurmu?

-Doğru deyil. Ağlımda belə bir şey yoxdur. Münaibətlərimiz yaxşıdır, hər şey yolundadır, amma evlənməyi düşünmürəm, hələ 24 yaşım var.

-Gələcək planlarınız nədir?

-Gələcəyi düşünmürəm. Futbol həyatım uğurlu olsun, sağlığım yerində olsun, başqa heç nə istəmirəm. Qarşımızda uzun illər var, yaşayıb görəcəyik.

-Almaniya milli komandasındakı oyununuzla parladınız. Baş nazir Angela Merkel belə sizi şəxsən təbrik etdi. Verder Bremendən Real Madridə transfer olmağınız da önəmli rol oynadığı da iddia edilir. Türkiyə deyil, Almaniya milli komandasında oynamaq karyeranız üçün strateji bir qərar idi?

-Xeyr. Mən Almaniyada doğulmuşam, orada oxumuşam, bütün həyatım orada keçib. Futbola orada başladım. Gənclərin yığmasında orada oynadım. Orada da davam edəcəkdim təbii ki...

-2010-cu ildə oynanan Türkiyə-Almaniya oyununda azarkeşlərin etirazları ilə qarşılaşdınız. Bu qərarı verərkən reaksiyaları düşündünüzmü?

-Bəziləri nə üçün alman milli komandasında oynadığmı anlamır. Amma çox insan başa düşür. Mənim əsas məqsədim futbol oynamaqdır. Uşaqlıqdan bəri ən çox istədiyimi şey budur. Türkiyəyə gedən zaman xoş qarşılanıram. Almaniyada da türklər məni sevgi ilə qarşılayır.

Azəri türkcəsinə  uyğunlaşdırdı  Sevda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31