Samuel Barlay: Bu, mənim üçün çağırışdı - MÜSAHİBƏ

AZAL klubunun futbolçusu Samuel Barlayın apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının V turu çərçivəsində "Qarabağ"ı səfər matçında məğlub edəcəyinizə çox az adam inanırdı. Ancaq komandanız bunu bacardı...
- Biz bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Baş məşqçi bizə meydanda nə etməli olduğumuzu başa salmışdı. Vahid komanda şəklində mübarizə apardıq. Nəticə isə göz qabağındadı. Çətinliklə də olsa, 1:0 hesablı qələbə qazandıq.

- Bu qələbədə rəqibin yorğun olmağının da rolu varmı?
- Hər şey ola bilər. Əsas odur ki, sonacan çalışdıq. Öz oyunumuzu nümayiş etdirdik.

- Komandanız ardıcıl dördüncü qələbəsini qazandı. Bu uğurlu seriyanı davam etdirməyə gücünüz çatacaq?
- Biz hər oyunda 3 xal qazanmaq istəyirik.

- Cari mövsümün startında "Neftçi"yə 1:4 hesabı ilə uduzduğunuz görüşdə bərbad oyununuzla yadda qalmışdınız. Bəs qısa vaxt ərzində nə dəyişdi ki, ardıcıl 4 qələbə qazandınız?
- Hazırlıq prosesində güclü komandalarla yoldaşlıq oyunları keçirə bilmədik. Artıq bir-birimizi daha yaxşı başa düşürük. Təbii ki, turdan tura "artırırıq" və bu nəticədə öz əksini tapır.

- Heç kim AZAL-ın 5 turdan sonra turnir cədvəlinə başçılıq edəcəyini gözləmirdi. Bəs futbolçularda necə, buna inam var idi?
- Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. İstənilən komanda kimlərinsə dəyərləndirdiyindən də artıq çıxış edə bilər. Ona görə də hər kəs işinə ciddi yanaşmalıdır.

- AZAL-ın çempionatdakı məqsədi, hədəfi nədir?
- Mövsüm yeni başlayıb. Konkret nəsə demək olmaz. Amma fikrimiz hələlik yaxşı nəticə qazanmaqdır.

- Bir müddət əvvəl artıq çəkiniz var idi. İndi özünüzü necə hiss edirsiz?
- Bəli, belə bir problemim var idi. Amma üzərimdə işləyirəm, çəkim azalır. Tədricən hər şey qaydasına düşəcək.

- Ötən mövsüm formasını geyindiyiniz "Rəvan"la AZAL-ı müqayisə edə bilərsiniz?
- Müqayisə aparmaq istəməzdim. AZAL-a keçmişəmsə, bu, mənim üçün yaxşı bir çağırışdı. İstəyirəm özümü sübut edim.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31