“Kaxaber Sxadadze istefa versə...” - MÜSAHİBƏ
2 Sentyabr 2013 20:10 İdman"İnter" klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi
- Komandanız Topaz Premyer Liqasının V turu çərçivəsində "Simurq"a uduzmaqla hər kəsi təəccübləndirdi. Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Təbii, məğlubiyyətə görə hər kəs üzgündü. Nəticədən razı ola bilmərik. Ancaq nə etmək olar, bu, futboldu.
- "İnter" tarixində ilk dəfə öz meydanında "Simurq"a uduzdu. Bu, Zaqatala təmsilçisinin "İnter"in farm-klubu olmadığına sübutdu?
- Bu söz-söhbət artıq illərdi vaxtaşırı gündəmə gəlir. Dəfələrlə bəyan etmişik ki, "Simurq" "İnter"in farm-klubu deyil. Komanda Zaqatalanı təmsil edir, onların öz strategiyası var. Ona görə də "İnter"in "Şəfa"da "Simurq"a uduzmasında qeyri-adi heç nə yoxdu.
- Baş məşqçi Kaxaber Sxadadze oyundan sonra təşkil olunan mətbuat konfransına gəlmədi. Bu barədə nə deyə bilərsiniz?
- Onu da başa düşmək lazımdır. Belə oyundan sonra baş məşqçinin özünü yaxşı hiss etməməyi, oyuna şərh verəcək durumda olmamağı normaldı. Mənim kimi, onun da əhvalı pisdi. Komandanın çıxışından, nəticələrdən razı qala bilmərik.
- II turda "Qəbələ"yə məğlubiyyətdən sonra Sxadadze postunu tərk etməyə hazır olduğunu bildirmişdi. Bu dəfə analoji hal baş vermədi?
- Məşqçi işini sona çatdırmalıdı. Komandanı mövsümə o, hazırlayıb, seleksiya işini də özü aparıb. Allah eləməmiş, Sxadadze istefa versə, mən onun formalaşdırdığı komandanı, seçdiyi futbolçuları oyunlara kökləyə bilmərəm. Baş məşqçi işini davam etdirməlidi, ən düzgün variant budu.
- Belə başa düşdük ki, baş məşqçi dəyişikliyi gündəmdə deyil...
- Xeyr. Sxadadze ilə davam etməyi məqsədəuyğun sayırıq.
- "İnter" yeni mövsümdə keçirdiyi 5 oyundan 4-də məğlub olub. Uğursuzluğun səbəbini nədə görürsünüz?
- Dəqiq bir söz deməyə çətinlik çəkirəm. Düşünürəm ki, futbolçular özlərini toparlamalıdı. Onlar baş məşqçinin, prezidentin iştirakı olmadan öz aralarında söhbətləşməli, müəyyən nəticələr çıxarmalıdırlar. Belə vəziyyətdə onlardan çox şey asılıdır.
- "İnter" hər zaman stabil oyunu ilə seçilib, komandanın öz üslubu var. Ancaq seleksiya işində, transfer məsələlərində klubun fəaliyyətini uğurlu saymaq olmaz. Bu fikirlə razısınız?
- Bilirsiniz, bəzi seçimlərdə yanıldığımızı söyləmək olar. Ancaq bütövlükdə transfer siyasətimizi uğursuz hesab etmirəm.