Cüdo millimiz Dünya Çempionatında qızıl medal qazandı

Bütün idman ictimaiyyətinin diqqətinin cəm olunduğu Rio de Janeyroda cüdo üzrə Dünya Çempionatı millimizin möhtəşəm uğuru ilə yadda qaldı. -100 kq çəkidə hamıdan güclü olduğunu sübut edən Elxan Məmmədov Dünya Çempionu olaraq millimizə qızıl medal qazandırdı və bu tarixi qələbə Azərbaycana böyüklər arasında cüdo üzrə Dünya Çempionatının ilk, millimizin isə ikinci qızıl medalını gətirdi. Xatırladaq ki, ötən ay Mayamidə yeniyetmələr arasında keçirilən Dünya Çempionatında 50 kq çəki dərəcəsində Natiq Qurbanlı millimizə ilk qızıl medalı qazandırmışdı. Yarımfinalda Özbəkistan təmsilçisi Kurbanov Soyibi məğlub edən Elxan finalda Hollandiya təmsilçisi Groll Henklə qarşılaşaraq ona da qalib gəldi. Məlumat üçün bildirək ki, Grol Henk 2010-cu ildə Dünya ikincisi, 2012-ci ildə isə Olimpiya Oyunlarının üçüncüsü olmuşdu.
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Dünya Çempionatında 123 ölkədən 680 cüdoçu güclərini sınayır. Çempionatın ilk günü 60 kq çəkidə yarışan Orxan Səfərov dünya üçüncüsü kimi çempionatı başa vurdu. Beləliklə milli yığma komandamız möhtəşəm qələbələri ilə hazırda Dünya Çempionatında komanda hesabında 6-cı pillədədir.
Bir çox idman növlərindən statusuna görə üstün olan və eyni zamanda Olimpiya oyunlarında özünəməxsus yeri olan cüdoda belə nəticələrin əldə edilməsi təqdirə layiq haldır. Bütün bunlar isə London Olimpiadasından sonra cüdo millimizin hazırlıq səviyyəsinin artırılması, o cümlədən milli komandaya yeni baş məşqçinin təyini, təlim-məşq prosesinin təkmilləşdirilməsi və cüdonun maddi-texniki bazasının daha da gücləndirilməsinin əməli nəticəsidir. Elə buna görə də qısa müddət ərzində əvvəlcə yeniyetmə, daha sonra isə böyüklər arasında keçirilən Dünya Çempionatında milli komandamız vətənə qızıl medal gətirdi. Bütün xalqımızı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edir və cüdoçularımıza yeni uğurlar arzulayırıq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31