Millət vəkili Qənirə Paşayeva Tovuzda Respublika üzrə idman və bilik yarışlarının qalibləri ilə görüşüb və onları təbrik edib
28 Avqust 2013 15:27 İdmanMillət vəkili Qənirə Paşayeva Respublika ümumtəhsil və ilk peşə ixtisas təhsil müəssisələri şagirdlərinin VI Spartakiadasının qalibi, I yerin sahibi Tovuz rayon şagirdlərindən ibarət futbol komandasının üzvləri ilə görüşüb və onları təbrik edib, uğurlarının davamlı olmasını arzu edib. Tovuzun hər zaman bütün Respublika üzrə ən güclü futbol ənənələrinin mövcud olduğu rayonlardan biri olduğunu deyən millət vəkili Qənirə Paşayeva gənclərə əldə etdikləri uğurların davamlı olması istiqamətində daha çox çalışmağı tövsiyyə edib.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda 8 yaşadək şahmatçılar arasında Respublika zona yarışının qalibi, Tovuz rayon məktəblisi Hüseynli Gülçin Elçin qızı ilə görüşüb və onu təbrik edib, uğurlar arzulayıb. Gülçinə şahmatı gələcəkdə də davam etdirməyini məsləhət görən millət vəkili Qənirə Paşayeva onu dünya çempionu kimi görmək istədiklərini deyib.
Millət vəkili Qənirə Paşayeva 13-14 yaşlı yeniyetmələr arasında boks üzrə Respublika çempionu olmuş Tovuz rayon məktəblisi Əliyev Ramin Yasin oğlu ilə görüşüb və onu təbrik edib, uğurlar arzulayıb. Millət vəkili Qənirə Paşayeva bundan sonra Ramindən artıq beynəlxalq səviyyəli yarışların qalibi adını gözlədiklərini bildirib və ona uğurlarının davamlı olmasını diləyib.
Millət vəkili Qənirə Paşayeva həmçinin məktəblilər arasında VII Spartakiadanın qalibi Tovuz rayon məktəblisi Ələsgərov Ələsgər Habil oğlu, "Gənc meşəçilər" Respublika müsabiqəsinin qalibi, Tovuz rayonunun Ağbulaq kənd orta məktəbinin 7-ci sinif şagirdi Sadıqov Rafiq Firudin oğlu, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunan "Gənc xilasedici və yanğınsöndürən" yarışının zona mərhələsinin qalibi olan A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbin komandasının üzvləri ilə görüşüb, onları təbrik edib və uğurlar arzulayıb.
Müxtəlif idman yarışlarının qalibləri və iştirakçıları ilə görüşündə idmana dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini qeyd edən millət vəkili Qənirə Paşayeva ölkəmizin iqtisadi inkişafının, artan maliyyə imkanlarına uyğun olaraq ölkəmizin bütün rayonlarında, o cümlədən Tovuz rayonunda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırıldığını söylədi. Bütün bunların isə gənc nəslin sağlam ruhda tərbiyəsinə xidmət etdiyini deyən millət vəkili Qənirə Paşayeva növbəti illərdə Tovuzdan olan məktəblilərin idman sahəsində göstərdikləri uğurlu nəticələrin daha da artacağına inandığını bildirdi.
Görüşün sonunda Respublika idman və bilik yarışlarının qaliblərinə mükafatlar və hədiyyələr təqdim edilib.