Böyük oyunda böyük dava: saxlanılanların adı açıqlandı - YENİLƏNİB - FOTO
26 Avqust 2013 12:29 İdman"Xəzər-Lənkəran"- "Neftçi" matçında baş verən insidentlə bağlı tutulan şəxslərin adları açıqlanıb.Lənkəran Rayon Polis Şöbəsinin istintaq bölməsinin Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, ötən gün "Xəzər-Lənkəran" - "Neftçi" oyunundan sonra baş verən insidentlə bağlı 7 nəfər - 1986-cı il təvəllüdlü, Lənkəran rayon sakini Aydın Əkbərov, 1994-cü il təvəllüdlü, Qusar rayon sakini Elman Davud oğlu Tağıyev, 1975-ci il təvəllüdlü, Abşeron rayon sakini Zaur Arif oğlu Ərəbov, 1991-ci il təvəllüdlü, Lənkəran rayon sakini Rəfail Fərahim oğlu Əkbərov, 1962-ci il təvəllüdlü, Lənkəran rayon sakini Əli Aslanov, 1962-ci il təvəllüdlü, Astara rayon sakini Elçin Eldar oğlu Abdullayev, 1966-cı il təvəllüdlü, Lənkəran rayon sakini Elman Bayraməli oğlu İbrahimli tutulub və barələrində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
P. Mehdiyev, həmçinin bildirib ki, insident zamanı saxlanılan zaman A. Əkbərov, Ə. Aslanov, E. Abdullayev, E. İbrahimli orta dərəcəli sərxoş halda olublar.
Qeyd edək ki, ötən gün Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçında insident baş verib.
Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.
----------
09:12
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçında baş verən insidentlə bağlı cinayət işi açılıb.
Ləkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, oyun bitəndən sonra hər iki komandanın azərkeşləri arasında insident baş verib . Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin baş vermiş hadisəyə müdaxiləsi nəticəsində vəziyyət stabilləşib.
İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb.
Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib.
İnsidentə görə, 7 nəfər saxlanılıb. Bunu APA-ya Lənkəran Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov bildirib.
Polis rəisi qeyd edib ki, hazırda Lənkəran şəhərində və stadionda vəziyyət tam stabildir.
Qeyd edək ki, Premyer Liqanın IV turunda "Xəzər Lənkəran" - "Neftçi" matçı qalmaqallı keçib. Lənkəranda baş tutan oyunun birinci hissəsi bitəndən sonrakı fasilədə gərgin anlar yasanıb.
Apasport.az saytının xəbərinə görə, cənublu fanatlar bakılı azarkeşlərin əyləşdiyi sektora hücum edərək, müxtəlif əşyalar atıblar. Yaranan gərginlik səbəbi ilə qarşılaşmanın ikinci hissəsi 5 dəqiqə gec başlayıb. Polis və daxili qoşunların əsgərlərinin müdaxiləsindən sonra ara sakitləşdirilib.
Oyundan sonra da bəzi azarkeşlər meydanı tərk etməyiblər. Qolsuz bərabərliklə yekunlaşan oyunun nəticəsindən narazı qalan cənublu fanatlar oturacaqları sındıraraq, meydana atıblar.
Polis yerli azarkeşləri stadiondan çıxarmağa çalışıb. "Neftçi" heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qonaqlar meydan sahiblərinin paltardəyişmə otağına yerləşdiriliblər.
"Neftçi" futbol klubunun məşqçisi Tərlan Əhmədov da baş verənlərə munasibət bildirib. O bildirib ki, oyunun ağır keçəcəyini əvvəlcədən proqnozlaşdırıblar: "Matç ərəfəsindəki ajiotaj və oyunun gedişində yaşananlar həyəcanverici idi. Hər iki komanda bu gərginliyin təsirindəydi. Əxlaqsız söyüşlər hamıya pis təsir edir. Futbolçunu təhqir etmək olar, amma bu dərəcədə də yox. Mahirin valideyni təhqir edildi. Ona bu sözləri deyənlərin ata-anaları bəlli deyil".