Lənkəranda ara qarışdı; 12 əsgər, 1 polis və bir neçə azarkeş yaralandı

"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra başlanan dava bitmək bilmir, vəziyyət DİN-in nəzarıti altındadır

Polis Lənkəran şəhər Mərkəzi Stadionunda vəziyyəti tam nəzarət altına alsa da, jurnalistlər və "Neftçi" azarkeşləri arenadan bayıra buraxılmır. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının məlumatına görə, buna səbəb "Xəzər Lənkəran"lı azarkeşlərin şəhərin müxtəlif yerlərində yolları bağlayaraq "Neftçi" azarkeşlərini və futbolçularını gözləmələridir.

Asayiş keşikçiləri vəziyyəti nəzarət altına almağa çalışırlar.

23:20:00
Lənkəran Şəhər Mərkəzi Stadionunda asayiş keşikçiləri vəziyyəti nəzarət altına alsada, hələ jurnalistlər və "Neftçi" azarkeşləri stadionu tərk edə bilməyib. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, azarkeşlərdən 28 nəfər saxlanılıb və saxlanılanların böyük əksəriyyəti "Xəzər Lənkəran"lı fanatlardır.

Yaşanan insident nəticəsində 10 yaxın əsgər, 1 polis əməkdaşı və bir-neçə azarkeş yaralanıb. Yaralanan əsgərlərin əksəriyyəti gözyaşardıcı qazdan zəhərlənib. Verilən məlumata görə, Lənkəranda baş verən insident birbaşa olaraq daxili işlər nazirinin müavini Vilayət Eyvazovun nəzarətindədir.

22:45:00
"Xəzər Lənkəran"lı azarkeşlər stadionun əsas giriş qapısından stadiona daxil olmağa cəhd edib. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, asayiş keşikşiləri azarkeşlərin stadiona girişinin qarşını almaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Göz yaşardıcı qazın tüstüsündən stadionda vəziyyət gərginləşib.

Hazırda jurnalistlər də daxil olmaqla "Neftçi" azarkeşləri stadiondan bayıra çıxa bilmir. Təhlükəsizlik tədbiri kimi "Neftçi" futbolçularının soyunub-geyinmə otağı dəyişdirilib.

Lənkəran Şəhər Mərkəzi Stadionunda gərginlik səngimək bilmir.

22:20:00
"Xəzər Lənkəran" - "Neftçi" oyunu başa çatan kimi azarkeşlərlə polis və daxili qoşunların əsgərləri arasında insident yaşanıb. ANS PRESS-in Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşma bitəndən sonra azarkeşlər stadionu tərk etmək istəməyib. Bu zaman azarkeşlərlə asayiş keşikçiləri arasında toqquşma baş verib. Nəticədə Daxili Qoşunların 3 əsgəri, 1 polis əməkdaşı və bir azarkeş yaralanıb.

Qarşıdurmaya səbəb birinci hissəsi başa çatan kimi "Xəzər Lənkəran"ın bir qrup azarkeşinin "Neftçi"nin 50-yə yaxın azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq onlara qarşı şüarlar səsləndirməsi olub. Nəticədə hər iki tərəf bir-birinə qarşı şuarlar səsləndirməyə başlayıblar. Daha sonra oturacaqları sındıraraq bir -birlərinə atıblar.

Qeyd edək ki, bu gün baş tutan "Xəzər Lənkəran" - "Neftçi" oyunu 0:0 hesabı ilə başa çatıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31