Qurban Qurbanov: "Rəqibdən çəkinmirik"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin Almaniya "Eintracht"ı ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, dünən baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

- Mətbuatı izləyirəm. Başa düşürəm ki, bu oyun bütün ölkəmiz üçün necə vacibdir. Bu, bizə əlavə güc verir. Düzdür, rəqibimiz güclüdür. Amma buna baxmayaraq, biz oyuna yaxşı hazırlaşmışıq. Sabah bunu görəcəksiz. Sona kimi mübarizə aparacağıq. Çalışacağıq nəyə qadir olduğumuzu göstərək. Rəqibdən çəkinmirik.

- Rəqibin baş məşqçisi "Qarabağ"ı yalnız bu gecə (dünən - red.) analiz edəcəklərini deyir. Bu, rəqibi düzgün qiymətləndirməmək anlamına gəlmir ki?

- Bu, düzgün məlumat deyil. Onlar bizim "Xəzər Lənkəran"la son çempionat oyunumuzu da izləyiblər. Haqqımızda kifayət qədər məlumat toplayıblar. Bütün futbolçularımızı tanıyırlar. Hətta "Gefle" ilə səfər oyununda daha çox azarkeşə malik olduğumuzdan da xəbərdardırlar.

- Rəqibdən necə oyun gözləyirsiz?

- "Eintrahct" ötən mövsüm iki taktika ilə oynayırdı. "Bayern" və "Hertha" ilə bu mövsüm baş tutan oyunlarda isə fərqli taktikadan yararlandılar. Biz hər şeyə hazır olmalıyıq. Ucaboylu futbolçuları var. Bu baxımdan da diqqətli olmaq lazımdır. Həm də çox sürətli hücumlar qururlar. Yüksək səviyyəli hücumçulara malikdirlər. Təkcə elə Aleksandr Meyer nəyə desən, dəyər.

- "Eintracht" mərkəzi arenanın qazonundan narazıdır. Bəs siz?

- Əlbəttə, daha yaxşı qazonda oynamağı istərdik. Amma biz bu barədə qətiyyən düşünmürük.

- Sizin üçün hansı daha vacib olacaq: Qol vurmaq, ya buraxmamaq?

- Hər ikisi bizim üçün çox vacibdir. İstənilən halda Almaniyadakı oyunda işimiz daha çətin olacaq.

- Reynaldonun yerində kim oynayacaq?

- Vüqar Nadirovla Muarem Muaremdən biri. Səhər bizim daha bir məşqimiz olacaq. Vüqar hələ tam hazır deyil. Mümkündür ki, onu ikinci hissədə meydana buraxım.

- Bu dəfə də qrup mərhələsinə vəsiqə qazana bilməsəz, bunu fiasko adlandırmaq olar?

- Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Əgər keçməsək, buna nə ad vermək lazım olduğuna siz qərar verərsiz. Hər halda bizim daha böyük uğurlara layiq azarkeşlərimiz var. Buna görə uğur qazanmağı çox istəyirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31