Leroy Corc: "Avroliqada sığorta yoxdur"
19 Avqust 2013 13:33 İdman"Qarabağ"ın hollandiyalı futbolçusu Leroy Corcun apasport.az saytına müsahibəsi.
- "Xəzər Lənkəran"a 2:0 hesabı ilə qalib gəldiyiniz qarşılaşmanı necə dəyərləndirərdiniz?
- İlk hissədə çox yaxşı oynadıq. Yeganə problem o oldu ki, cəmi 1 qol vura bildik. Onların da standart vəziyyətdən sonra qol imkanı oldu. Rəqib ikinci hissəyə çox əzmkar çıxdı. Nəticədə ilk 15 dəqiqədə çox yaxşı oynadılar, pressinq etdilər, təzyiq göstərdilər.
- İkinci qolu penaltidən vurdunuz. Bu epizod haqda nə deyə bilərsiniz?
- Penalti ilə bağlı dəqiq bir şey deyə bilmərəm. Buna baxmaq lazımdır. Ancaq hər halda, penalti köməyimizə çatdı.
- Debüt etdiyiniz Azərbaycan çempionatı, komandalarımız haqda təəssüratlarınız necədir?
- Mənim diqqətimi çəkən odur ki, komandaların səviyyəsi yuxarı-aşağı hamısında eynidir. Buna görə də hər oyunda çox əziyyət çəkməli olursan və qalib gəlmək həmişə çətindir.
- İndi çoxları deyirlər ki, "Qarabağ"ın çempionluq mübarizəsində əsas rəqibi yalnız "Neftçi" olacaq. Bu fikirlə razısınız?
- Mən hesab eləmirəm ki, çempionluğa yalnız "Neftçi" ilə "Qarabağ" namizəddir. Başqa yaxşı komandalar da var.
- Avropa Liqasının son təsnifat mərhələsində rəqibiniz olan "Anytraxt"la oyunda şansları necə sayırsınız?
- Futbol bir az dəlisov oyundur. Burada udmaq da olar, uduzmaq da. Hesab edirəm ki, şanslar 50-50-dir. Həmin gün bizim gün olsa, qalib gələcəyik. Əks təqdirdə yox. Ancaq "Ayntraxt" başqa səviyyədən olan komandadır. Biz onlarla oyunda uğur qazanmaq üçün daha çox motivasiya, konsentrasiya olmalıyıq.
- İlk oyunu evdə keçirməyimiz xeyrimizədir, yoxsa?
- Hər halda, ilk oyunun Bakıda olmağı bizim üçün daha yaxşıdır. Mən belə hesab edirəm. Çünki bu matçda azarkeşlər də bizə əlavə güc verəcəklər. Bu, bizim şanslarımızı artırır.
- Maraqlıdır ki, "Ayntraxt" çempionatda hər 2 oyununa məğlub olaraq, turnir cədvəlinin sonlarındadırsa, "Qarabağ" yüz faizli nəticə ilə liderlik edir. Bu, oyuna psixoloji baxımdan öz təsirini göstərə bilərmi?
- Yox. Fikrimcə, bu, ayrı-ayrı yarışlar olduğundan, təsir göstərməz. Çempionat başqa şeydir. İki oyundan ibarət yarışlarda isə mübarizə tam fərqlidir. Çempionatda elədir ki, hansısa uğursuzluğu sabah sığortalaya bilirsən. Ancaq Avropa Liqası kimi kubok turnirlərində bir uğursuzluq oldusa, yarışdan kənarda qalırsan.