Şahin Diniyev: Adım “Neftçi” ətrafında çox hallanır – MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

- Xeyli müddətdir işsizsiniz. Azərbaycandan, yaxud xaricdən təklif almamısınız?
- Azərbaycandan mənə heç bir təklif yoxdur. Artıq 2 il yarımdır işsizəm. Vəziyyəti olduğu kimi qəbul etmək lazımdı. Desəm ki, hər gün təkliflərim var, bu, düzgün çıxmaz. Ümumiyyətlə, özümü reklam etdirməyi sevmirəm, bundan həmişə uzaq olmuşam. Sadəcə, son ay yarımda təkliflərim olub. Ancaq elə şeylər olub ki, mən qəbul etməmişəm. Elə şeylər da var ki, mənə təklif göndərən klublar razılaşmayıb.

- Uzun müddət Rusiyada oynayıb, yaşamısınız. İşsiz qalmaqdansa, əlaqələriniz olduğunuz bu ölkədə işləmək daha yaxşı deyilmi?
- Mən Vətənə Rusiyaya qayıtmaq üçün gəlməmişəm ki... "Terek"dən ayrılanda bunun ailə problemləri ilə əlaqəli olduğunu demişəm. Mənim üçün bu dəqiqə Rusiyada işləmək problem deyil. Sadəcə, Azərbaycanda, ailəmin yanında olmaq istəyirəm.

- Son vaxtlar adınız "Neftçi"nin baş məşqçisi postu ətrafında hallandırılır. Bu klubdan təklif almısınız?
- Kimlərsə adımı "Neftçi" ətrafında çox hallandırır ki, bu, onların öz işidir. Ancaq bu komandada ilə bağlı ortada konkret heç nə yoxdur. Əgər real bir şey yoxdursa, nəsə şərh verməyim düzgün çıxmaz.

- Vaxtilə çalışdırdığınız milli komandanın son oyunu sizdə hansı təəssürat oyatdı?
- Millimiz Malta ilə matçda pis oynamadı, yaxşı nəticə qazandı. Ancaq seçmə mərhələdə növbəti rəqib olan İsrail yığması ilə səfər matçında çox çətin olacaq. Bunun üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Buraxdığımız səhvlərdən nəticə çıxardıb, bunu rəsmi matçda təkrarlamamalıyıq.

- Uzun illər İsraildə oynadığınızdan, bu ölkənin futbolunu, yığmasını yaxşı tanıyırsınız. Onlarla matçda ilk növbədə nəyə fikir verməliyik?
- Baş məşqçi əlindəki "material"a görə taktikanı düşünə bilər. Ancaq material məndə olmadığından, taktika haqda bir şey deyə bilmərəm. Ümumilikdə danışsaq, İsrail İspaniya futboluna daha yaxındır. Bu isə o deməkdir ki, topla yaxşı davranırlar, İsrailə boş zona verməməli, onlara qarşı sıx oynamaq lazımdır. Onlar sürətli əks-hücumlara üstünlük vermirlər. İsrail yığması mövqe hücumu etməyi sevir. Yəni müdafiədən yarımmüdafiədən, ordan hücuma yavaş-yavaş keçid olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31