Almaniyada “Qarabağ” klubuna ermənilərin təxribatı gözlənilir
Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün klub rəhbərliyinə müraciət edilib
15 Avqust 2013 08:33 İdmanAvropa Liqasının pley-off mərhələsində "Qarabağ" klubu rəqibi Almaniyanın "Ayntraxt" klubu ilə avqustun 29-da Frankfurtda qarşılacaq.
Keçiriləcək bu futbol matçı ilı bağlı Modern.az -a maraqlı məlumat daxil olub.
Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz bununla bağlı "Qarabağ" Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.
Sayta açıqlamasında qurum rəhbəri deyib ki, onlarda məlumat var ki, oyun zamanı ermənilər təxribat törədəcəklər.
Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün klub rəhbərliyinə müraciət edilib:
"Belə təxribatların qarşısını almaq üçün "Qarabağ" Klubunun rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməlidir. Rəqib klubun rəhbərliyini xəbərdar edərək stadionda tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılmasına izin verilməməsinə təminat almalıdır. Bununla bağlı baş verəcək hər hansı qarşıdurmanın əvvəlcədən qarşısının alınması üçün bütün tədbirlərin görülməsi tələb edilməlidir. Hansısa problem yaranacaqsa, məsuliyyətin əvvəlcədən rəqib tərəfin üzərində qalacağı bəyan edilməlidir".