AFFA-dan Qurban Qurbanova səfər öncəsi cəza
6 Avqust 2013 14:30 İdmanBu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının ilk turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.
"Neftçi" - AZAL matçının 13-cü və 36-cı dəqiqələrində meydan sahiblərinin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub. "Sumqayıt" - "Xəzər Lənkəran" oyununun 64-cü dəqiqəsində isə qonaq fanatları eyni hərəkətə yol verdiyi üçün cənublular da 1000 manat ödəməli olacaq.
"İnter"lə qarşılaşmanın 90-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1 oyunluq cəzalanıb. 41 yaşlı mütəxəssis II turun "Sumqayıt"la oyununda texniki zonaya buraxılmayacaq. "Qarabağ" çalışdırıcısına görə 1000 manat cərimə də ödəyəcək.
Qeyd edək ki, Qurbanov çalışdırdığı Ağdam təmsilçisi ilə Avropa Liqasının III təsnifat mərhələsinin "Gefle" ilə cavab oyununu keçirmək üçün bu gün İsveçə yollanır.