"Xəzər Lənkəran"ı bundan çıxarmaq üçün kimisə gözləməməliyik - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın malili futbolçusu Sadio Tounkaranın apasport.az saytına müsahibəsi

- Komandanız yenə mövsümə uğursuz start verdi. Səbəbini izah edə bilərsinizmi?
- İlk matçımızla bağlı onu deyə bilərəm ki, fərqli sistemlə oynadıq. Yeni sistem dərhal bəhrəsini vermədi. "Sumqayıt"la oyunda bu dəfə fərqli mövqedə çıxış etdim. Əvvəlki matçlarda yarımmüdafiənin sağ cinahında yer alırdımsa, bu dəfə daha çox hücumda oynamalı oldum. Komanda dərhal bu sistemə uyğunlaşa bilmədi.

- Deyəsən, Avropa Liqasındakı uğursuz çıxışın mənfi təsiri qalmaqdadır?
- Avropa Liqası ilə daxili çempionat tamam fərqli yarışdır. Bəlkə də hardasa bunu hiss etmək olar. Amma tamamilə bağlamaq olmaz.

- İlyarımdır komandadasınız. Yəqin ki, qeyri-sabit çıxışının şahidisiniz. Bu nədən irəli gəlir?
- Bu müddət ərzində komandada tez-tez baş məşqçi dəyişikliyi baş verdi. Bir çox məşqçilər təyin edildi, sonra komandadan ayrıldı. Bu cür dəyişikliklər sabit komanda formalaşdırmağa imkan vermir.

- Bütün problem baş məşqçi dəyişiklikləri ilə bağlı ola bilməz. Bəlkə futbolçularda ustalıq səviyyəsi aşağıdır, və ya birlik çatışmır?
- Məşqçidən, klub prezidentindən əvvəl hər kəs öz adı, imici üçün oynayır. İstər ustalıq səviyyəsi, istərsə də futbolçuların vahid komanda şəklində birləşməsi baş məşqçi dəyişikliyindən asılı deyil. Hər kəs meydana çıxan zaman mərdi-mərdanə öz oyununu oynamalıdır. Qazanılan nəticə komandanın adına yazılır. Komandanın imicini qorumaq üçün sona qədər vuruşmalıyıq.

- Azarkeşlərin son vaxtlardakı narazılığını haqlı sayırsınızmı?
- Təbii, onların narazılığını anlayır və başa düşürəm. Komandamız azarkeşlərimizə layiq çıxış etmir. Ardıcıl qələbələr qazansaq, bunun qaydasına düşəcəyinə, hər şeyin dəyişəcəyinə inanıram. Düşünürəm ki, uğurlu nəticələr qazanacğımnız təqdirdə onlar bizi əvvəlki tək dəstələyəcəklər. İndiki məqamda onları anlayıram. Yenə deyirəm, komandaya, azarkeşlərə layiq olmayan nəticələr qazanırıq. Bunun tezliklə dəyişəcəyinə ümid edirəm.

- Şərait baxımından heç bir klubdan geri qalmırsınız. Bəs uğur qazanmaq üçün komandada nə çatışmır?
- Məsuliyyətlə işləməliyik. Hər kəs üzərinə düşən işin məsuliyyətini dərk etməlidir. Baş məşqçinin buna nəzarət etməsi vacib deyil. Bu vəziyyətdən çıxmaq üçün kimisə gözləməməliyik. Çox işləməklə özümüz özümüzü düşdüyümüz vəziyyətdən çıxarmalıyıq.

- Cari çempionat çərçivəsində Lənkəranda ilk oyununu bu həftə keçirəcəksiniz. Rəqib isə sizdən fərqli olaraq Premyer Liqaya qələbə ilə başlayan "Simurq"dur. Bu oyuna hazırlıq necə gedir?
- "Simurq" yaxşı komandadır. Eşitdiyimə görə, yaxşı hazırlıq keçiblər. Tək "Simurq" deyil, Lənkərana gələn hər bir komanda mövsümdəki ən yaxşı oyununu oynayır. Çünki burada ab-hava fərqlidir, əksər hallarda stadion dolu olur. Biz də azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik. Lənkəranda daha istəklə oynayırıq. Azarkeşlərimiz bizi hər zaman qələbəyə səsləyirlər. İnanıram ki, uğursuz başlanğıcı bu qələbə ilə dəyişəcəyik.

- Premyer Liqanın I turu arxada qaldı. Rəqiblərlə bağlı hansı qənatə gəlmisiniz? Hansı komandaları daha güclü hesab etmək olar?
- Bunu demək hələ tezdir. Hətta çempionatın autsayderləri belə ilk turlarda müqavimət göstərməyi bacarır, "dişlər"ini göstərirlər. Onlar sürpriz nəticələrə imza atmağa çalışırlar. Bu baxımdan "ağ-bayraq" qaldırmaq hələ tezdir. Hansı komandaların iddialı olduğunu da söyləmək çətindir. Bir müddət keçdikdən sonra müəyyən fikir söyləmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31