“Nə “Qarabağ”ı tanıyıram, nə də futbolçularını” - MÜSAHİBƏ

"İnter"in braziliyalı yarımmüdafiəçisi Flavio Bekin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının ilk turunda "Qarabağ"a məğlub oldunuz. 1:2 hesaı ilə uduzduğunuz görüşlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- "Qarabağ"la oyunumuz çətin keçdi. Biz böyük klubuq, yaxşı futbolçularımız var. Fikrimcə, mən də daxil olmaqla bütün komanda "Qarabağ"a qarşı yaxşı oynadı. Hesabı da biz açdıq. Ancaq rəqib sonradan 2 qol vuraraq önə keçdi. Daha sonra biz hesabı bərabərləşdirib ilk ev oyunumuzdan ən azı 1 xal götürməyə çalışsaq da, cəhdlərimiz fayda vermədi.


- Hesabda öndə olsanız da, məğlub oldunuz. Bu yenilginin əsas səbəbini nədə görürsünüz?
- Bunun səbəbini bilmirəm. Bu, oyundur, belə yenilgilər ola bilər. Biz yaxşı oynayırdıq. "Qarabağ"ın isə demək olar ki, qol şansları yox idi. Ancaq onlar hər hissədə yaratdığı bir əlverişli vəziyyətdən maksimum yararlanmağı bacardı. Fikrimcə, yenilgidə künc zərbəsindən sonra qol buraxmağımız başlıca rol oynadı. Bu kuryoz qol bizə psixoloji zərbə endirdi və nəticədə hesab da belə alındı.

- Bəs ölkəmizin avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" haqqında nə deyə bilərsiniz? Bu komanda necə təsir bağışladı?
- Bilirəm ki, "Qarabağ" Azərbaycanın çempionluğa iddialı klublarından biridir. Ancaq cəmi 1 aydır ölkənizdəyəm. Bu üzdən nə "Qarabağ"ı tanıyıram, nə də futbolçularını. Yalnız eşitmişəm ki, bu komandanın yaxşı futbolçuları, yaxşı heyəti var. Bizə qarşı da göstərdikləri oyunla yaxşı komanda olduqlarını göstərə bildilər.

- Necə düşünürsünüz, "İnter"ə uyğunlaşmışsınız?
- İlk dəfə bu komandaya gələndə uyğunlaşma ilə bağlı problemim vardı. Çünki mən Avropada Xorvatiya, Almaniya, Albaniya, Bosniya və Herseqovina, Sloveniya və Monteneqro kimi ölkələrdə futbol oynamışam. Burda isə fərqli mədəniyyətə düşmüşdüm. Bir az uyğunlaşma üçün vaxta ehtiyacım vardı. Ancaq tədricən adaptasiya prosesini yoluna qoymağa başlamışam. Fikrimi işimə yönəltmişəm. Hər şey tədricən yaxşı olacaq.

- Siz Monteneqronun "Buduçnost" klubunda oynamışsınız. Bilirdinizmi ki, sizin sabiq komandanız 3 il əvvəl bizim təmsilçilərdən "Bakı"nı texniki qələbə sayəsində Avroliqadan kənarlaşdırıb?
- Yox bilmirdim. Çünki onda mən Sloveniyanın "Maribor" klubunda idim. Mən isə "Buduçnost"a bundan bir il sonra gəlmişəm deyə, bu haqda məlumatsızam.

- "Qarabağ"a qarşı oynamaqla Premyer Liqada debüt etdiniz. Ancaq bu bir oyuna görə Monteneqro çempionatı ilə bizimkini fərqləndirə bilərsiniz?
- Vallah, nə deyim. İlk oyununa görə nəsə demək çətindir. Monteneqro Avropada yerləşdiyindən, orda klublar güc futbolu nümayiş etdirir. Texniki cəhətdən güclü komandaları var. Çempionatları istənilən səviyyədə olmasa da, yaxşı futbol oynayırlar.

- Ancaq Azərbaycan çempionatını hər nə qədər də olsa onlarınkından güclü saymaq olar?
- Düşünürəm ki, bəli, belə hesab etmək olar. Çünki Azərbaycan futbolu ildən-ilə inkişaf edir. Fikrimcə, burda çempionat Monteneqrodakından daha yaxşıdır. Çünki burda 7 əcnəbi oyunçuya meydana çıxmaq icazəsi var. Bu, həm ölkə futbolu, həm də klublarınız üçün yaxşı haldır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31