“Bakı”nın məşqləri mənim üçün ağır idi” - MÜSAHİBƏ

"Rəvan"ın yeni futbolçusu Rəşad Abdullayevin apasport.az saytına müsahibəsi

- "Bakı"dan niyə ayrıldınız?
- Bildiyiniz kimi, mən komanda ilə birgə Avstriyaya təlim-məşq toplanışına getmişdim. Rəhbərlikdən tutmuş bütün futbolçularadək hamı ilə münasibətim əla idi. Baş məşqçi Milinko Pantiç toplanışdan sonra mənimlə söhbət etdi. Çıxış etdiyim mövqeyə çox oyunçu aldığını dedi. Hərtərəfli söhbətimiz oldu. Pantiç "sənin kimi futbolçunu ehtiyatda saxlaya bilmərəm. Ya gərək oturub şansını gözləyəsən, ya da başqa kluba keçməlisən" dedi. Mən də ikincini seçdim. Amma bu fikirlər mənə deyiləndə artıq gec idi, komandalar komplektləşmişdi. Belədə "Rəvan"la danışıb, karyeramı burda davam etdirmək qərarına gəldim.

- Sizin çıxış etdiyiniz mövqedə Deyvidas Çesnauskislə Əfran İsmayılov var. Pantiçin Əfrandan da narazı qaldığını nəzərə alsaq, belə çıxır ki, yarımmüdafiənin sağında Çesnauskis yer alacaq...
- Pantiç əvvəllər məni əsas heyətdə görürdü. Çünki oyunlarda da, məşqlərdə də iştirak etmişdim. Heç bir problem yox idi. Sadəcə, başqalarını yarımmüdafiənin sağında sınamaq istəyirdi.

- Qərar sizə konkret nə vaxt deyildi?
- Bakıya qayıtdıqdan 5-6 gün sonra baş məşqçi ilə söhbətimiz oldu. Mən də qərara gəldim ki, ehtiyatda oturmaqdansa, başqa klubda oynamaq daha yaxşıdı.

- Pantiç sizin çıxış etdiyiniz mövqedə kimi oynatmaq istəyir?
- Vallah, faktiki mənə deyib ki, "Bakı"da əksər futbolçudan üstünsən. Burda onun məni istəyib-istəməməyindən söhbət getmir. Bir müddətdən sonra yenə mənə şans verə biləcəyini də demişdi. Mən də həmişə oynamış futbolçu olmuşam. Elə oldu ki, "Rəvan"la söhbətimiz baş tutdu.

- Oynamaq üçün "Rəvan"a özünüz müraciət etdiniz?
- Yox, onlardan mənə zəng gəldi. Çünki "Bakı"dan ayrılacağımla bağlı söhbət yayılanda istər-istəməz hamı xəbər tutur. Əyalət klublarından da mənə zəng olmuşdu. Ancaq "Rəvan" Bakını təmsil etdiyindən bura keçməyi üstün tutdum. Həm də baxdım ki, bu komandanın perspektivi var, onların şərtləri də məni qane etdi.

- "Xəzər Lənkəran", "Neftçi" və "Qəbələ" kimi iddialı klubların şərəfini qoruduqdan sonra "Rəvan"da çıxış etmək karyeranızda geriyə addım deyil?
- Məşqçi mənə bu qərarını gec dedi. Erkən bildirsəydi, özümə daha iddialı komanda tapa bilərdim. Çünki "Qəbələ"də ailəvi problemlər olmasaydı, orda qala bilərdim, kapitan idim, mənə hər cür şərait yaradılmışdı. Üstəlik, ordan ayrıldıqdan sonra "İnter" də mənimlə maraqlanırdı. Eləcə də başqa klublarla danışıqlarım olmuşdu. Bir kluba keçəndə həmişə fikirləşmişəm ki, orda uzun müddət çıxış edim. Məşqçinin qərarını dinlədikdən sonra istəmədim, bu komandada qalım. "Rəvan"a keçidimi də geriyə addım saymıram. Çünki komandanın heyətinə baxmışam, yaxşı uşaqlar var. Çempionat da uzun olacaq. Çalışacağam ki, burda özümü yaxşı tərəfdən göstərim və hamıya həmin Rəşadın ölmədiyini göstərəcəm.

- Sizin icarə müqaviləniz 1 illikdir. Ola bilərmi ki, 6 aydan sonra Pantiç sizə ehtiyacının olduğunu bildirib geri çağırsın?
- Yox, bu dəqiqə mən "Rəvan"ın uğurlarını fikirləşirəm. Çünki bu klubun rəhbərliyi məni çox yaxşı qarşıladı. Amma Pantiç demişdi ki, ola bilsin ki, 1-2 aydan sonra gözlərim səni axtarsın.

- Pantiçin məşqlərinin ağır olduğu bildirilir...
- Fiziki baxımdan hazırlıqlara üstünlük verir. Mən isə uzun müddətdir ki, "Neftçi" və "Qəbələ"də texniki futbol oynamışam. Ona görə də onun məşqləri mənim üçün ağır idi.

- Necə düşünürsünüz, Pantiç "Bakı"nın uzun müddətli "uğursuzluq zolağı"ndan çıxmasına nail ola biləcək? Yoxlama oyunlarında iştirak etmiş biri kimi komandanın necə təsir bağışladığını deyə bilərsiniz?
- Komanda yaxşıdır. Əksəriyyəti də milli komanda üzvləridir. Özündən asılıdır. Komandanı yığıb-yığışdıra bilsə, buna nail olacaq. Həmişə demişəm ki, komandada psixologiya çox önəmlidir. Elə məşqçilər olub ki, bir kəlməsi komandanın necə çıxış etməsinə səbəb olub. Yəni məşqçinin hərəkət və davranışlarından da hər şey asılıdır.

- İcarə müqaviləsini artıq bağlamısınız?
- Artıq hər şey həll olunub. Klublar arasında bütün məsələlər razılaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31