Yunis Hüseynov: “Neftçi” mənimlə əlaqə saxlasa... – MÜSAHİBƏ
26 İyul 2013 21:22 İdman"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Son günlərdə yeni bir təklif almısınız?
- Yox. Hazırda Qaxda istirahətdəyəm.
- Ancaq mətbuatda sizin "Neftçi"nin baş məşqçi postuna namizəd olduğunuz yazılır...
- Mənim bundan xəbərim yoxdur. Bilirsiniz ki, indiyə bir neçə dəfə məni müxtəlif komandaların baş məşqçi postuna gətiriblər. Ancaq əslində onların heç biri real söhbət olmayıb.
- Bəs "Neftçi" rəhbərliyi sizinlə əlaqə saxlasa, istirahətinizi yarımçıq buraxıb, Bakıya danışıqlara gələrsiniz?
- Mənimlə əlaqə saxlasalar...Gəlin, olmayan şey haqda danışmayaq.
- Həmkarınız Böyükağa Hacıyevin baş məşqçi postundan gedişini necə qarşıladınız?
- Mən elə şeyləri fikirləşmirəm ki, komandada baş məşqçiliyində dəyişiklik olub-olmayacaq. Böyükağa müəllim Albaniyada oyundan əvvəl demişdi ki, uduzsaq, vəzifəmdən gedəcəyəm. O da bunu etdi.
- "Neftçi"nin məşqçiləri - Tərlan Əhmədov, Kamal Quliyev, Bəxtiyar Musayevi yaxşı tanıyırsınız, vaxtilə bir yerdə oynamısınız. Əhmədovla Quliyevin hətta "Karvan"da baş məşqçisi olmusunuz. Bəlkə bu yaxınlığa görə sizi baş məşqçi postuna gətirirlər?
- Mənim nəinki "Neftçi"nin məşqçilərini, bir çox futbolçuları yaxşı tanıyıram. Ancaq klubun prezidenti var və qərarları Sadıq Sadıqov verir. Elə şeylər var ki, bizlərdən asılı deyil. Baş məşqçi məsələsi ilə bağlı qərar rəhbərliyə məxsusdur.
- Bəs ötən il Avropa Liqasında çalışdırdığınız "Xəzər Lənkəran"ın Hayfa "Makkabi"sinə 0:8 hesablı məğlubiyyətini necə qarşıladınız?
- Açığı, belə nəticəni gözləmirdim. Bu, nəinki mən, demək olar hamı üçün gözlənilməz oldu. "Xəzər Lənkəran" çox pis oynadı ki, bunun səbəbi var.
- Nədir?
- Əsas səbəb odur ki, komanda hazır deyildi, gücü yox idi. Arada "Fənərbaxça" ilə yoldaşlıq görüşü saldılar və futbolçuların gücü də ona getdi. Belə olanda isə futbolçular tez-tez səhv edirlər. Futbolçular meydanda istədiklərini edirdilər. Nəticədə komanda çox bərbad oynadı.
- "İnter"lə "Qarabağ"ın nəticələrini necə dəyərləndirərdiniz?
- "Xəzər Lənkəran"dan fərqli "İnter"in oyununa arada baxırdım. Əlbəttə, bu komandanın da mərhələ keçməyini istəyirdik. Düzdür, "İnter" qalib gəldi. Ancaq təəssüf ki, səfərdə 0:2 hesabı ilə uduzduğunuzdan mərhələ keçə bilmədi. "Tromse" o qədər yüksək səviyyəli komanda olmadığından keçmək mümkün idi. "Qarabağ"la bağlı isə demişdim ki, mərhələ keçə bilər, ancaq bu, çətinliklə olacaq. Dediyim kimi də oldu. "Qarabağ"a uğurlar arzulayıram. Növbəti rəqib olan "Gefle" elə də güclü komanda olmadığından, onu keçib son təsnifat mərhələsinə çıxmağı mümkündür.