Yuri Fomenko AZAL-a keçdi

Ukraynalı hücumçu Yuri Fomenkonun "Bakı"ya keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, "zolaqlılar"ın düşərgəsində məşq etsə də, serbiyalı Milinko Pantiç tərəfindən bəyənilməyib.
Bu üzdən "Kəpəz" və "İnter"in sabiq üzvü özünə yeni komanda axtarmalı olub. AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun saytımıza verdiyi açıqlamaya görə, "təyyarəçilər" ilk əcnəbi transferini məhz Fomenko sayəsində reallaşdırmağa yaxındır. Sadıqovu dinləyək: "Yuri Fomenko bugündən bizdə məşqlərə qoşulub. O, təbii ki, baxışa çağırılmayıb. Çünki çempionatımızda oynadığından, onun potensialına bələdik. Yaxın günlərdə onunla müqavilə bağlanılacaq. Onun "Bakı" ilə müqaviləsi varmı? Bizə gəlibsə, deməli, sərbəst futbolçudur".
Vaqif Sadıqov yerli oyunçu transfer etdiklərini də açıqladı: "Bildiyiniz kimi, Qərib İbrahimov, Aleksandr Şemonayev, Murad Ağayevi və "Qəbələ"nin əvəzedici komandasından Rey Məmmədbəylini sıralarımıza qatmışıq. Murad Ağayev kimi "Sumqayıt"dan daha bir futbolçunu almışıq. Bu, cinah müdafiəçisi Emin Cəfərquliyevdir. Onunla 2 illik müqavilə bağlamışıq. Bundan sonra hələ ki, yerli futbolçu transfer etməmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31