Con Toşak start heyətində 3 dəyişiklik etdi
26 İyul 2013 04:40 İdman"Xəzər Lənkəran" Avropa Liqasının II təsnifat mərhələsində Hayfa "Makkabi"si ilə bu gün evdə keçirəcəyi cavab oyununda start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, lənkəranlıların baş məşqçisi Con Toşak İsraildə 0:2 hesabı ilə uduzduqları matçla müqayisədə start heyətində 3 dəyişiklik edib.
Belə ki, braziliyalı sağ cinah müdafiəçisi Eder Bonfim, makedoniyalı dayaq yarımmüdafiəçisi Nikola Qliqolov və malili sağ cinah yarımmüdafiəçisi Sadio Tounkara bu dəfə ehtiyatda qalıb. Onları müvafiq olaraq Elnur Allahverdiyev, rumıniyalı Adrian Pit və Uğur Pamuk əvəzləyəcək.
Qapını yenə Toni Doblasa etibar edən uelsli mütəxəssis müdafiənin mərkəzində Adrian Skarlatake - Rasim Ramaldanov duetinə güvənməkdə davam edir. Müdafiənin sağında Allahverdiyevdirsə, solunda Radomir Todorov olacaq.
Kapitan Rahid Əmirquliyevlə Marin Orsuliç yarımmüdafiənin mərkəzində oynayacaqlar. Uzun fasilədən sonra əsas heyətə qayıdan Pitlə Pamuk yarımmüdafiənin müvafiq olaraq sol və sağ cinahlarına cavabdehlik daşıyacaq. Zohair Benouahi oyun qurucusu funksiyasını yerinə yetirəcəksə, Junior Nildo yeganə hücumçu olacaq.