Avropa Liqasında klublarımızın ölüm-dirim savaşı

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulur.

Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən klublar da növbəti oyunlarına çıxacaqlar.

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avroliqada "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" təmsil edir. Ağdam klubu Avroliqada oynamaq hüququna Premyer Liqamızın gümüş, "İnter" bürünc mükafatçısı, Lənkəran klubu isə ölkə kubokunun finalçısı olaraq yiyələnib. "Qarabağ" Avroliqanın ilkin təsnifat mərhələsində Makedoniya "Metallurg"unu (hər iki oyunda 1:0), "bankirlər" Finlandiya "Mariehamn"ını (evdə 1:1, səfərdə 2:0), Lənkəran təmsilçisi isə Maltanın "Sliema" komandasını (səfərdə 1:1, evdə 1:0) üstələyib.
 
Bu mərhələdə isə "Qarabağ" Polşanın "Piast", "İnter" Norveçin "Tromse", "Xəzər Lənkəran" da İsrailin "Maccabi" (Hayfa) klubunu mübarizədən kənarlaşdırmağa çalışacaq. Ağdam klubu ilk oyunu doğma meydanda keçirsə də, Bakı və Lənkəran təmsilçisi öncə səfərə yollandı. Qurban Qurbanovun komandası Bakıdakı oyunda 2:1 hesablı qələbə qazandığı halda, digər təmsilçilərimiz ilk oyunlarında eyni hesablı (0:2) məğlubiyyətlərlə üzləşdilər.

Qeyd edək ki, klublarımızın budəfəki rəqibləri ilk mərhələdə qarşılaşdıqları komandalarla müqayisədə daha ciddi və güclü kollektivlərdir. Odur ki, həm "Qarabağ"ı, həm də "Xəzər Lənkəran"la "İnter"i çox ciddi sınaq gözləyir. Hər halda hansısa komandamızın bu rəqiblərini keçməyə borclu olduğunu demək bir qədər obyektiv səslənmir. Amma bu, o demək deyil ki, Azərbaycan təmsilçiləri üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq üçün "canlarına əziyyət verməməlidirlər". Əksinə, daha yaxşı hazırlıq keçməklə, rəqibi düzgün analiz etməklə, ağıllı oyunla, meydanda maksimum güc sərf etməklə hər üç komandanı mübarizədən kənarlaşdırmaq mümkündür.

Yeri gəlmişkən qeyd edək ki, Avroliqada mübarizə aparan Azərbaycan klubları ilə onların rəqibləri arasında müəyyən səviyyə fərqi var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Avroliqadakı təmsilçilərimizdən ən reytinqlisi "Qarabağ"dır. 209-cu pillədə olan Ağdam təmsilçisi "Piast"ı xeyli qabaqlayır. Polşa klubu 294-cü yerdə gedir. 302-ci pillədə olan "Xəzər Lənkəran" isə "Maccabi"dən çox geri qalır. Hayfa klubu 115-ci yerdə qərarlaşıb. 278-ci pillədə olan "İnter"in rəqibi isə 207-ci yerdə gedir.
 
Rəqiblərdən söz düşmüşkən, "Piast" uzun illər aşağı liqalarda çıxış edib və ilk dəfə 2008-ci ildə Polşa çempionatının güclülər dəstəsinə - Ekstraklasaya vəsiqə qazanıb. İki mövsüm sonra yenidən 1-ci liqaya qayıdıb. "Qarabağ"ın rəqibi 2011/12 mövsümdə 1-ci liqanın qalibi olaraq tarixində ikinci dəfə Ekstraklasaya yüksəlib. Komanda gəldiyi mövsümdə uğurlu çıxış edərək 4-cü pilləni tutub və tarixində ilk dəfə Avropa Liqasına vəsiqə əldə edib. 4 dəfə 2-ci, 1 dəfə 1-ci liqanın qalibi olan "Piast" 2 dəfə Polşa Kubokunun finalına çıxıb. Lakin 1978-ci ildə "Zaqlebi"yə, 5 il sonra "Legiya"ya yenilərək kuboku başı üzərinə qaldıra bilməyib. "Qarabağ"ın rəqibi ev oyunlarını "Piast" stdionunda keçirir. 1926-cı ildə inşa olunan arena 2010-cu ildə yenidən qurulub. Stadionun azarkeş tutumu 10037 nəfərdi. "Piast"ın baş məşqçisi Marçin Broşdu. 40 yaşlı mütəxəssis məşqçilik karyerasına 2005-ci ildə Bitom "Poloniya"sında başlayıb. Daha bir neçə Polşa klubunda çalışmış Broş 2010-cu ildən "Piast"ın baş məşqçisi postunu tutur.

Şimal qütbünə 500 km məsafədə yerləşən Tromse şəhərini təmsil edən "İnter"in rəqibi "Tromse" 1985-ci ildən Norveçin güclülər dəstəsində - Tippeligaendə çıxış edir və yalnız 2002-ci ili aşağı dəstədə keçirib. Tarixi ərzində heç vaxt çempion olmayan komanda 1990 və 2011-cü illərdə çempionatın gümüş medallarını qazanıb. 2008 və 2010-cu illərdə çemionatın bürünc medallarına sahib çıxan "İnter"in rəqibi iki dəfə Norveç kubokunun qalibi olub - 1986, 1996. 2012-ci ildə isə komanda kubokun finalında "Hodd"a yenilib. "Tromse" avrokuboklarda ən böyük uğurunu UEFA Kubokunda qazanıb. 2005/06 mövsümündə turnirin qrup mərhələsinə düşən komanda sonuncu olub. Avrokuboklarda öz meydanında "Chelsea" və "Galatasaray" kimi klubları yenməyi bacaran "İnter"in rəqibi ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində Serbiya "Partizan"ına yenilib. Ötən mövsüm ölkə çempionatını 4-cü pillədə başa vuran "Tromse" Avropa Liqasına vəsiqə qazanıb. Avroliqanın cari mövsümündə isə bu komanda Sloveniya "Celje"si ilə üz-üzə gəldi. Evdə 1:2 hesabıyla uduzan "bankirlər"in rəqibi səfərdə 2 cavabsız qol vuraraq mərhələ adladı. Yay-payız sistemi ilə keçirilən Novreç birinciliyi hazırda davam edir və 16 turu arxada qalıb. Bu müddətdə 5 qələbə qazanıb, 4 heç-heçə edən və 7 dəfə uduzan "İnter"in rəqibi 20 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Tromse" ev oyunlarını eyniadlı şəhərdəki "Alfheym" stadionunda keçirir. 1987-ci ildə inşa olunan arenanın azarkeş tutumu 6859 nəfərdi. "Tromse"nin baş məşqçisi Aqnar Kristensendir. 44 yaşlı mütəxəssis bu ildən komandaya başçılıq edir.

"Xəzər Lənkəran"ın rəqibinə gəlincə, bu il 100 yaşını qeyd edən Hayfa şəhərinin təmsilçisi İsrail futbolunun tarixinə düşüb. Belə ki, "Maccabi" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk İsrail klubu olub. Buna 2002-ci ildə nail olan hayfalılar 7 xalla üçüncü yeri tutub və mübarizəni UEFA Kubokunda davam etdirib. "Maccabi" ev oyunlarını Hayfadakı "Kiryat Eliezer" stadionunda keçirir. Arena 1955-ci ildə inşa olunub. "Xəzər Lənkəran"ın oynayacağı stadion 14002 azarkeş tutur. Hayfa klubu tarixi ərzində 12 dəfə İsrail çempionatının qızıl, 7 dəfə gümüş medallarını qazanıb. Komanda sonuncu dəfə 2010/11 mövsümündə ölkə çempionu adını qazanıb. 2012/13 mövsümündə isə "Xəzər Lənkəran"ın rəqibi gümüş medallarla kifayətlənərək, Avropa Liqasına vəsiqə əldə edib. "Maccabi" 5 dəfə ölkə kubokunu, 4 dəfə Toto Kubokunu, 3 dəfə də İsrail Super Kubokunu qazanıb. İlk dəfə 2002/03 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə düşən "Maccabi" eyni uğuru 2009/10 mövsümündə də təkrarlayıb. 2011/12-də Avroliqanın qrupuna vəsiqə qazanan "Xəzər Lənkəran"ın rəqibi UEFA Kubokunun 1/16 finalında (2006/07), Kuboklar Kubokunun 1/4 finalında oynayıb. "Maccabi"nin baş məşqçisi Erik Benadodur.
 
Klublarımıza gəlincə, onların Avroliqaya pis hazırlaşmadığını qeyd etmək olar. "Qarabağ" Avroliqaya Türkiyədə hazırlaşdı. Təlim-məşq toplanışı zamanı komandamız bir neçə transfer də həyata keçirdi. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Əfran İsmayılov, Emin İmaməliyev, Zaur Həşimov, Elnur Abbulov, Kristian Torres, Emeka Opara, Bəxtiyar Soltanov, Vaqif Cavadov və Branimir Subaşiçlə yollarını ayıran "Qarabağ" hələlik dörd transfer həyata keçirib. Daha doğrusu son mövsümü icarə əsasında "Simurq"da keçirən Murad Səttarlını geri qaytaran Ağdam təmsilçisi Hollandiyanın "Nijmegen" klubundan Leroy Corcu, Almaniyanın "Bohum" komandasından Nikolas Gelaşvilini və İordaniyanın "Shahab Al Ordon" klubundan Ulrix Kapolonqonu heyətinə qatıb.

Qurban Qurbanovun komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
 
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç.
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə.
Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev, 88. Ulrix Kapolonqo.
 
Hazırlıqlara bütün klublarımızdan tez başlayan "İnter" öncə Türkiyədə təlim-məşq toplanışında oldu. Kiçik fasilədən sonra isə paytaxt təmsilçisi Avstriyaya yollandı ki, burda yoldaşlıq görüşlərinin keçirilməsinə daha çox önəm verildi. Hazırlıq prosesi zamanı "bankirlər" bir neçə transfer də həyata keçirib. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Robertinyo, Vladimir Levin, Petar Zlatinov, Tales Şütz, Revaz Tevdoradze, Georgi Adamiya, Valeri Abramidze, İliya Kandelaki, Nizami Hacıyev, İbrahima Niasse, Aleksandr Qross, Yuri Fomenko kimi futbolçuları yola salan Bakı təmsilçisi bir neçə gənc oyunçusunu icarədən qaytardı. Üstəlik Vaqif Cavadov, Aleksandr İaşvili, Matiya Şpiçiç, Mikel Alvaro, İvan Benites, Laşa Salukvadze, Dantas kimi yeni futbolçular transfer olunub.
 
"Bankirlər" UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:

Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov;
Müdafiəçilər: 2. Azər Salahlı, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 15. Dantas Joao Paulo, 20. Brüs Abdulay, 29. Ruslan Cəfərov, 33. Matiya Spiçiç, 87. Cəmil Hacıyev;

Yarımmüdafiəçilər: 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 10. Daniel Genov, 11. Asif Məmmədov, 13. Mirsayib Abbasov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek, 91. Coşqun Diniyev;

Hücumçular: 6. Samir Zərgərov, 9. Aleksandr İaşvili, 17. Ramil Mansurov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov.
 
"Xəzər Lənkəran" haqda da eyni sözləri demək olar. Lakin Con Toşakın komandası hazırlıqlara bir qədər gec start verdi. "Ağ-yaşıllar" Almaniyada hazırlıq keçib. Lakin hazırlıq üçün vaxtı az olsa da, əvəzində komandamız heyətini demək olar ki, formalaşdıra bilib. Roberto Alviz, Lusiano Olguin, Dimitrios Sialmas, Gökhan Güleç və Akif Tağıyevlə yollarını ayıran "Xəzər Lənkəran" Duqlas Leyte, Junior Nildo, Zohair Benuahi, Rasim Ramaldanov və Nikola Qliqorovla güclənib.

"Xəzər Lənkəran"ın Avroliqa üçün iştirak ərizəsində isə bu futbolçular yer alıblar:
 
Qapıçılar: 25. Orxan Sadıqlı, 30. Toni Doblas, 33. Duqlas Leyte;
Müdafiəçilər: 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Rasim Ramaldanov, 8. Eder Bonfim, 21. Radomir Todorov, 27. Manuel Skarlatake;
Yarımmüdafiəçilər: 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 23. Nikola Qliqorov, 99. Marin Orsuliç;
Hücumçular: 12. Junior Nildo, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov.

Göründüyü kimi, komandalarımızı çox ciddi sınaq gözləyir. Təmsilçilərimizin həlledici görüşlərdə işə məsuliyyətlə yanaşması çox vacibdi. "Qarabağ" cütün taleyini doğma azarkeşlərinin gözü önündə həll edə bilmədiyindən indi cavab görüşündə ən azı üstünlüyünü qorumağa çalışmalıdı. Polşada keçiriləcək cavab görüşü çox çətin olacaq. Amma Avropadakı ən layiqli təmsilçilərimizdən olan "Qarabağ"ın çətin vəzifənin öhdəsindən gələcəyinə inananlar çoxdu. "Xəzər Lənkəran"la "İnter"in mərhələ adlamaq üçün şansları azdı. Çünki hər iki komandamız səfər oyunlarında qol da vura bilmədi və iki top buraxdı. Lakin bu klublarımız da evdə azarkeşlərinin dəstəyi ilə sürprizə imza ata bilər. Bu mənada xüsusilə rəqibi ilə eyni gücə malik "İnter"in dönüş yaratmasına ümid bəsləyənlər az deyil. "Xəzər Lənkəran"ın rəqibi isə çox güclüdü və "ağ-yaşıllar"ın bu cütün qalibi olması sadəcə möcüzəyə qalıb. Əgər təmsilçimiz bu rəqibini keçməyi bacarsa, güman ki, Avroliqanın ən böyük sensasiyası kimi qitəyə səs salmış olacaq.

Yeri gəlmişkən qeyd edək ki, "Qarabağ"ın Avroliqada Polşa klubları ilə yolları kəsişib. Vaxtilə "Visla"nın rəqibi olan təmsilçimiz bu komandanı hər iki oyunda yenməklə mərhələ adlayıb. Ağdam təmsilçisi indi ilk dəfə avrokuboklara qatılan "Piast"a da eyni aqibəti yaşada bilər. "Xəzər Lənkəran"ın da İsrail klubu ilə yolları kəsişib. Vaxtilə Təl-Əviv "Maccabi"si ilə üz-üzə gələn təmsilçimiz bu komanda ilə bacarmamış və mübarizəni dayandırmışdı. "İnter" isə "Mariehamn"ın ardından növbəti Skandinaviya təmsilçisi ilə üz-üzədi. "Bankirlər" əgər Finlandiya klubunu məğlub etməyi bacardısa, niyə bunu digər Skandinaviya ölkəsinin komandasına da yaşatmamalıdı?

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.500 reytinq xalı var ki, onun da 1.625-i cari mövsümdə qazanılıb. Bundan 0.750 xal "Qarabağ"ın, 0.375 xal "İnter"in, 0.375 xal "Xəzər Lənkəran"ın, 0.125 xal isə "Neftçi"nin payına düşür.

Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
25 iyul

20:30. Piast - Qarabağ
Qlivitse. "Piast" stadionu.
Baş hakim: Stanislav Todorov (Bolqarıstan).
İlk oyun - 1:2
 
21:00. İnter - Tromse
Bakı. "Bayıl Arena".
Baş hakim: Eli Hacmon (İsrail).
İlk oyun - 0:2
 
21:00. Xəzər Lənkəran - Maccabi
Lənkəran şəhər stadionu.
Baş hakim: Danni Makkelye (Hollandiya)
İlk oyun - 0:2
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxır.

Komandamızın budəfəki rəqibi Polşanın "Piast" klubudu. Avrokuboklarda ilk dəfə çıxış edən rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik komandamız mərhələ adlamağa borcludu. İlk oyunda 2:1 hesabıyla qalbi gələn Qurban Qurbanovun yetirmələrinin işi səfər oyununda da asan olmayacaq. Amma komandamız ən azı üstünlüyünü qorumaqla mərhələ adlaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31