Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda
24 İyul 2013 02:50 İdmanFərid Quliyevi heyətinə qatan Türkiyənin "Kahramanmaraşspor" klubu daha bir futbolçumuzu rənglərinə bağlayıb. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqa klubu Murad Axundzadəni transfer edib.
Türkiyə mətbuatının məlumatına görə, "Kahramanmaraşspor" Muradla 3 illik müqavilə bağlayıb. Axundzadə hazırda klubun düşərgəsindədi və məşqlərdə iştirak edir.
Qeyd edək ki, Murad "Kahramanmaraşspor"un Kartepedəki təlim-məşq toplanışına dəvət edilmişdi. Texniki heyət baxışdan keçən futbolçu ilə bağlı müsbət qərar verib və onunla müqavilə imzalanıb. Türkiyə mediasının məlumatına görə, o, əvvəllər "Qalatasaray" və "Kasımpaşa"nın A2 komandalarına da dəvət edilib. Lakin legioner limiti üzündən müqavilə bağlanmaylb.
Muradın son iş yeri "Ağsu" olub. Son mövsümdə bu komandanın heyətində çempion olan futbolçu əvvəllər "Rəvan"da və 17 yaşadək futbolçulardan ibarət millimizdə çıxış edib.
Onu da qeyd edək ki, hazırda Muraddan başqa Türkiyədə 10 futbolçumuz çıxış edir. Belə ki, Super Liqada Ufuk Budak (Eskişehirspor), Cihan Özkara (Sivasspor), PTT Birinci Liqada Arif İsayev, Saşa Yunisoğlu (Denizlispor), Andrey Popoviç, Usim Nduka (Tavşanlı Linyitspor), Branimir Subaşiç (Orduspor), Ramal Hüseynov (Bucaspor), Fərid Quliyev (Kahramanmaraşspor), 2-ci liqada isə Timur Temeltaş (Altınordu) top qovur.