Bizi daha çox nəzarətdə saxlayırlar - MÜSAHİBƏ
23 İyul 2013 05:10 İdman"Xəzər Lənkəran" klubunun mərakeşli futbolçusu Zohair Benouahinin apasport.az saytına müsahibəsi
- "Fənərbaxça"ya qarşı keçirdiyiniz yoldaşlıq görüşü barədə nə deyə bilərsiniz?
- Bu, daha çox reklam məqsədli qarşılaşma idi. "Fənərbaxça" çox yaxşı komandadı. Heyətində yüksək səviyyəli futbolçular cəmləşib. Rəqib yaxşı oyun nümayiş etdirdi.
- 0:4 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz: Rəqib çox güclü idi, yoxsa "Xəzər Lənkəran" zəif idi?
- "Fənərbaxça" bizdən üstün oynadı, qol imkanlarından istifadə etdi. Deməzdim ki, pis çıxış etdik. Sadəcə, "Fənərbaxça" çox güclüdü. "Xəzər Lənkəran"da yeni futbolçular var. Onlara öz bacarıqlarını göstərmək üçün vaxt lazımdı.
- "Fənərbaxça"nı Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə 0:2 hesabı ilə uduzduğunuz Hayfa "Makkabi"sindən güclü sayırsınız?
- Əlbəttə. "Makkabi" də yaxşı komandadı, ancaq "Fənərbaxça" qədər güclü deyil.
- Qarşılaşmadan sonra Türkiyə klubunun futbolçusu ilə formanızı dəyişmədiniz ki?
- Mən ikinci hissədə əvəzləndim. Ancaq oyundan sonra heç bir futbolçuya müraciət etmədim. Əgər forma istəyirsənsə, onu satışdan da almaq olar (gülür).
- "Fənərbaxça"nın heyətində ən çox bəyəndiyiniz futbolçu kimdir?
- Qapımıza 4-cü qolu vuran portuqaliyalı futbolçu Raul Meyreleş. Orta sahədə oynayan Əmrə Belözoğlu da yaxşı futbolçudur.
- "Makkabi" ilə cavab matçı haqda nə düşünürsünüz?
- Cavab matçına yaxşı hazırlaşacağıq. Hər şey meydanda bilinəcək.
- Səfərdəki məğlubiyyətdən sonra mərhələ keçmək şansınız var?
- Əvvəldən heç nə demək olmaz. Şansımız var. İstərdim ki, futbolçularımız 100 faiz güclərini qoysunlar. Onda hər yaxşı olacaq. "Makkabi"yə Lənkəranda, bizim azarkeşlər qarşısında oynamaq asan olmayacaq.
- Sizinlə mövsümlərarası fasilədə AZAL-dan gələn braziliyalı hücumçu Junior Nildo "Xəzər Lənkəran"ın hazırda əsas qol ümididir. Lənkəranda qol hesabınızı aça biləcəksiniz?
- Buna çalışacağıq. Rəqiblər bizi daha çox nəzarətdə saxlayır. Nildo da mənim kimi yeni futbolçu olduğundan, meydanda yaxşı anlaşmaq üçün vaxt lazımdır. İnşallah, yaxşı olar.