Mixal Kadlets: Bu qolun sevinci bir başqadı - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın qonağı olan "Fənərbaxça"nın yeni transferi Mixal Kadlets komandasında və oyunda ilk qola imza atdı. "Fənər"in "Bayer"dən 4,5 milyon avroya aldığı çexiyalı müdafiəçisi türkiyəli həmkarlarımıza müsahibəsi zamanı apasport.az saytının da suallarını cavablandırıb.

- Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Çox gözəl qarşılaşma oldu. Yeni komandamda ilk qolumu vurdum. Təbii ki, bu qolun sevinci bir başqadı. Meydanda isə vacib olan komandamızın qələbə qazanmasıdır. Bunun öhdəsindən gələ bildik.

- Buradakı ab-havanı bəyəndinizmi?
- Rəqibin çox gözəl stadionu var. Azarkeşlər də tribunaları doldurmuşdu. Burada "Fənərbaxça"nın da azarkeşlərinin çox olması bizi sevindirdi. Həm də "Zaltsburq"la görüş öncəsi bu oyun bizim üçün vacib idi. Bu, ikinci yoldaşlıq oyunumuz idi. Hər ikisində qələbə qazandığımıza görə məmnunuq.

- Öz oyunundan məmnun qaldınızmı? Tam formaya düşə bilmisiniz?
- Hazırlıq davam edir. Yaxşı məşqlər keçirik. Fiziki planda daha çox çalışırıq. Mövsüm hələ başlamadığından, heç kim tam hazır deyil. Qarşıda bizi Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Zaltsburq"la oyun gözləyir. Həmin matçadək tam hazır olacağam. Azarkeşlər nəyə qadir olduğumu həmin vaxt görəcək. Bir sözlə, hər gün bir qədər də inkişaf edir, ideal formamıza yaxınlaşırıq.

- Son günlərdə "Fənərbaxça" ilə bağlı müxtəlif qərarlar qəbul edildi. UEFA əvvəl komandanı avrokuboklardan kənarlaşdırdı. Amma CAS qərarı müvəqqəti dondurdu və indi Çempionlar Liqasında mübarizə aparacaqsınız. Bu cür hadisələr futbolçulara necə təsir edir?
- Əlbəttə, üzücü haldır. UEFA-nın qərarını eşitdikdən sonra pərişan olmuşduq. Qısa vaxtdan sonra isə komandanın oyunlara qatılacağı bildirildi. Bu da hazırlıq planımızda müəyyən dəyişikliklərə səbəb oldu. Oyunlara hardasa 80-85 faiz hazırıq. "Zaltsbuq"la oyuna qədər tam hazır olacağıq. Mövsümə uğurlu start verməyə çalışacağıq.

- Baş məşqçi dəyişikliyindən sonra komandada taktiki baxımdan hansı yeniliklər edilib?
- Təbii ki, hər məşqçinin öz planları var. Mən komandaya yeni qoşulduğumdam, əvvəlki mövsümlə bağlı bir şey deyə bilmərəm. Ancaq bura uğur qazanmaq üçün gəlmişəm.

- Bəs "Zaltsburq"la oyundan nə gözləyirsiniz?
- Rəqib yaxşı komandadır. Onlar da mərhələ keçmək istəyir. Ancaq "Fənərbaxça" öz gücünü göstərəcək, daha səviyyəli komanda olduğunu ortaya qoyacaq. İnanıram ki, iki oyunun yekununda mərhələni adlayan tərəf biz olacağıq. Qələbə qazanıb, son günlərdəki xoş olmayan hadisələri unutdurmaq istəyirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31