Andrey Popoviç: “Volın”a keçməməyimin öz səbəbləri vardı - MÜSAHİBƏ

Azərbaycan milli komandasının (U-21) və Türkiyənin "Tavşanlı Linyitspor" klubunun futbolçusu Andrey Popoviçin apasport.az saytına müsahibəsi

- Türkiyənin I liqa təmsilçisi "Tavşanlı Linyitspor"a keçidin necə alındı?
- Gənclərdən ibarət yığmanın heyətində Makedoniya ilə oyuna hazırlaşırdım. AZAL-dan təklif almışdım və müqavilə imzalamağı düşünürdüm. Sonra agent zəng vurub tələsməməyimi söylədi, çünki Türkiyə variantı var idi.

- Əvvəl "Samsunspor"a keçdiyin haqda məlumat yayıldı. Bu keçid niyə baş tutmadı?
- Mən orda baxışda oldum. Hər şey də normal idi. Lakin sonradan razılaşa bilmədik.

- Maliyyə məsələsində, yoxsa nədə?
- Bəli maliyyə məsələsində.

- Bəs "Tavşanlı Linyitspor" variantı necə yarandı?
- "Samsunspor"dan sonra Bakıya qayıdıb U-21-in qapıçılarla işləyən məşqçisi Ramiz Əhmədovla hazırlıq keçdim. Çünki formada qalmaq lazım idi. Ukraynanın "Volın" klubuna baxışa çağırırdılar. Agent zəng vurub dedi ki. "Tavşanlı Linyitspo" da məni dəvət edir, onlar oyunlarımı görüb. Mən də Türkiyə variantını seçdim.

- Ukrayna sizin vətəninizdir. "Volın" isə Premyer Liqa klubudur. Bu variantı seçməməyiniz maraqlı görünür...
- Buna öz səbəblərim var idi.

- Bəs Türkiyədə dil problemi ilə üzləşməyəcəksiniz? Yoxsa Azərbaycan dilini müəyyən qədər başa düşürsünüz?
- Azərbaycanca başa düşürəm. Buradakı oyunçuların bəziləri də ingiliscə bilir. Mən də bəzi türk sözlərini öyrənirəm.

- Yeni klubunuz sizdə necə təəssürat yaratdı?
- Hələlik yalnız yaxşı təəssüratlarım var: yaxşı baza, mehriban kollektiv. Çalışıram hamı ilə ünsiyyət qurum.

- Yeni klubunuzu hansı Azərbaycan komandası ilə müqayisə etmək olar?
- Hələlik yalnız məşq etmişəm. Oyun olmayıb ki, müqayisə edə bilim.

- Bəs komandanın təmsil etdiyi Kütahya şəhərini ötən mövsüm çıxış etdiyiniz Tovuzla müqayisə etmək olar?
- Yox. Şəhər özlüyündə balacadır. Lakin daha çox Avropasayağıdır.

- Azərbaycan futbolçuları Türkiyənin I liqasında legioner sayılmır. Bunun sizin keçidinizdə rol oynadığını düşünmürsünüz ki?
- Bəlkə də bu da müsbət amildir.

- Son vaxtlar azərbaycanlı oyunçular Türkiyənin I liqasına axışır. Bunu necə dəyərləndirirsiniz?
- Gördüm ki, Arif İsayev özünü "Dənizlispor"da yaxşı tərəfdən göstərən kimi Berti Foqts onu əsas yığmaya qaytardı. Rail Məlikov da pis oynamırdı. Bilirəm ki, Saşa Yunisoğlu da Türkiyəyə klubuna keçib. Bizim burada yaxşı oynamaq şanslarımız pis deyil.

- Türkiyə perspektivinizi necə qiymətləndirirsiniz?
- Bilmirəm, baxarıq da. Amma mən bura oynamağa gəlmişəm. Ümid edirəm ki, hər şey də alınacaq. Mənim haqda pis yazanlara sübut etmək istəyirəm ki, hər şey keçmişdə qalıb.

- Komandadakı qapıçılar - rəqabət aparmalı olduğunuz futbolçular haqda hansı fikirdəsiniz? 1 nömrə ola biləcəksinizmi?
- Pis qapıçılar deyil. Lakin mən birinci olmaq üçün ürəklə məşq edəcəyəm.

- Legioner həyatı yaşamağınızın millidəki gələcək karyeranıza necə təsir edəcəyini düşünürsünüz? Artıq U-21-də çıxışlarınızı başa vurmaq üzrəsiniz. Əsas yığmada Kamran Ağayevlə rəqabət var. Özünüzü əsas yığmada görürsünüzmü?
- Gənclər yığmasında hələ 1 il oynaya bilərəm. Millidəki rəqabətə isə həmişə hazıram.

- Bu müddətdə U-21-də oynamaqla kifayətlənəcəksiniz, yoxsa Berti Foqtsdan da əsas komandaya dəvət gözləyirsiniz?
- Hələlik gənclər yığmasının şərəfini qoruyacağam. Sonraya isə baxarıq.

- Millinin oyunları zamanı I liqada fasilə yaranmır. Bu məqam yığmaya çağırılmağınıza problem yaratmayacaq ki? Ya klubda, ya yığmada oyunu buraxmaqla yerinizi itirmək təhlükəsi yarana bilər...
- Bilmirəm. Rəhbərliklə bu haqda hələ danışmamışam.

- Sizin dostunuz Branimir Subaşiç də Türkiyə klubuna keçib. Siz Türkiyəni seçəndə onun orada olması qərarınıza təsir etdimi?
- Düzünü desəm yalnız bir neçə gün əvvəl Branimirin də Türkiyə klubuna keçdiyini bilmişəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31