Azərbaycanlı deputat: “Zəlzələ bölgəsi tamamilə baxımsız qalıb”
18 Noyabr 2013 17:42 Güneyİranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərindən seçilmiş azərbaycanlı deputat Allahverdi Dehqan jurnalistlərə açıqlamasında 14 ay əvvəl baş vermiş zəlzələdən və bu təbii fəlakətdən ziyan çəkmiş əhalinin acınacaqlı durumundan danışıb. Dehqan deyib ki, zəlzələdən 14 ay keçməsinə baxmayaraq əhaliyə verilmiş vədlər yerinə yetirilməyib və onlar qış ərəfəsində hələ də çöllərdə qalıblar: "Vərzəqanda baş vermiş zəlzələ çoxlu itkiyə və dağıntıya səbəb olub. Hazırda bu şəhər bir yaşayış məntəqəsi kimi öz simasını itirib və artıq böyük bir sexə bənzəyir. Hara baxırsan, əhalinin müvəqqəti yaşaması üçün düzülmüş konteynerləri görürsən. Təəssüflər olsun ki, hadisədən 14 ay keçməsinə baxmayaraq zəlzələdən ziyan çəkən insanlar hələ də həmin konteynerlərdə yaşayır, bölgə isə tamamilə baxımsız qalıb.
Hökumətin zəlzələdə ziyan çəkənlərə müəyyən yardımlar göstərməsinə və onlara az faizlə kreditlər verməsinə baxmayaraq əhalinin daimi yaşayış yeri ilə təmin olunması, dağıdılmış evlərin yerinə yenilərinin tikilməsi və digər çətinliklər öz həllini tapmayıb".
2012-ci il avqustun 11-də Şərqi Azərbaycan əyalətinin Vərzəqan, Heris və Əhər şəhərlərində və ətraf bölgələrdə baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 200-dən çox kənd tamamilə dağılıb, 350 nəfərdən çox insan həlak olub, minlərlə adam ağır yaralanıb. "Media forum"