İran dünyada ən böyük azərbaycanlı dövlətidir

Paniranizm ideologiyası uydurma və heç bir elmi, tarixi mənbəyə istinad olunmayan, yalnız teokratik rejimin daxili siyasətini təyin edən oxdur

Bəzi gözləntilər olsa da Həsən Ruhaninin hakimiyyətə keçməsindən sonra da heç nə olmadı. Farslaşdırma siyasəti əvvəlki illərlə müqayisədə daha da kəskin şəkil alıb. Şovinizm teokratik rejiminin daxili siyasətdə əsas ideoloji-siyasi xətti təşkil edir. Paniranizm artıq radikal ideologiyaya çevrilib və bu özünü Ruhani hökumətinin Azərbaycan türklərinə qarşı münasibətində ən pis formada göstərir. Hakimiyyətin paniranist yanaşma tərzinin məntiqidir ki, Urmiya gölü quruyur, ətrafdakı Azərbaycan əraziləri (Təbriz, Ərdəbil, Sulduz, Tikantəpə, Maku və s.) kürd və farslaşdırılır. Rejimin mono-etnik dövlət yaratmaq cəhdi Güney Azərbaycanın türklərdən təmizlənməsi ilə xarakterikdir. "İran yalnız farslar üçün" ideologiyası uydurma və heç bir elmi, tarixi mənbəyə istinad olunmayan, yalnız teokratik rejimin daxili siyasətini təyin edən oxdur. Çünki İranda 40 milyonluq Azərbaycan türkü ən böyük milli toplumun adıdır. İndiki İran ərazisində yaşayan ən qədim, ən köklü, ari millət də azər türkləridir. Molla rejimi sadalanan faktorları tarixi əsas və faktlarla bildiyindən farslaşdırma siyasətini 1925-ci ildən gündəmində saxlayır, həmçinin bu ideologiyaya İslam İnqilabından sonra qanunilik qazandırmağa çalışır. Hakimiyyətin ari millət olan Azərbaycan türklərinə qarşı radikal yanaşma tərzi birbaşa onların mədəni, siyasi, insani, sosial, iqtisadi, nəşr, inizibati, ən nəhayət tarixi haqlarına məhdudiyyətlər qoyur, kiçik formalı şəkildə çərçivələşdirir. Fars şovinizmi ani-Azərbaycan ideologiyasını müxtəlif yollarla həyata keçririr. Ən əsası türkləri farslaşdırmaq siyasəti molla rejiminin şiəlik oxu üzərində aparılır. İran şiəliyində fars şovinizmi əsasdır. Şiəlik farsçılıq ideologiyasını daşıyan xətt olsa da bu, digər tərəfdən İslam dininin parçalanmasına zəmin yaradır. Lakin rejim həmin çərçivədə türkləri assimiliyasiya siyasəti içərisində əritmək niyyətindədir. Mollaların farsçılıq məntiqi bundan ibarətdir ki, Azərbaycan türkləri İran ərazisində Mərkəzi və Orta Asiyadan köç ediblər və ari deyillər. Lakin tarix tamam əks faktlar ortaya qoyur. "Azərlərin fars irqinin bir qolu" olması tezisi farslar arasında ən məşhur kəlimədir. Amma tarix deyir ki, azərlər İran yox, farslar Azərbaycan ərazisində yaşayırlar. İran tarixində türk ​​sülalərinin davamlı olaraq min ildən çox hökmranlığı var. Hələ biz ondan əvvəlki dövrləri demirik. Farslar da təsdiq edərlər ki, tarix yalan danışmaz, ələlxüsus da ki, söhbət Azərbaycan tarixindən gedirsə. Tehran da fars şəhəri deyil. Çünki İranın digər bölgələrilə bərabər paytaxtda da ən böyük milli toplumu türklər təşkil edir. Tehran İstanbuldan sonra türk yaşayan ikinci ən böyük şəhərdir. Lakin, molla hökuməti yalnız özünü fars hesab edən etniklərə farslarla bərabər imtiyazlar verir. Nazirlik, səfirlik, bütün diplomatik korpuslar, Nigahvan Şurası, Məclisi-Xuburgan, Xeyriyyə İşləri Məclisində və bütün qurumlarda işləmək istəyən millətlər əvvəlcə farsçılıq ideologiyasına sadiq qalmalıdırlar. Həmin qurumlar birbaşa dini idarələrə tabedir. Məsələdə diqqətçəkən ən əsas məqam isə İran ordusunda ən böyük əsgəri qüvvəni də türklərin təşkil etməsidir. Hökumət məsələni kökündən həll etmək üçün ölkədə doğulan uşaqlara əvvəlcə fars dili öyrədilir. Fars məntiqidir, İranda Azərbaycan dilində məktəb, qəzet, jurnal, teatr, ali məktəblərdə tədris yoxdur.

Haşiyə: Sistemli şəkildə aparılan assimiliyasiya siyasətinə baxmayaraq, Güney Azərbaycanda hər zaman Milli Oyanış Hərəkatı partlamağa hazır bomba təsirini bağışlayıb. Beynəlxalq güclərin Güney Azərbaycan məsələsini gündəminə saldıqdan sonra artıq Cənubda türklər dövlət olmaq istəyən ən böyük toplum vəziyyətinə düşüb. Molla hökumətini qorxudan əsas faktor Türk Müstəqillik Hərəkatına boğulacaq vaxtı gözləməsidir. Rejim təhlükənin qarşısını milli fəalları edam etmək, köçürmək, tarixi yerlərinin, abidələrinin adlarını dəyişməklə, qanunvericiliklə təyin edilmiş siyasi, mədəni və insani haqlarını tapdalamaqla almaq niyyətindədir. Lakin minilliklərdir ki, geosiyasi mövqeyi, mədəni quruluşu və insan potensialına görə Azərbaycan türkləri ari millət olaraq İranda baş verən dəyişmələrin başında gəlirlər. Rza şah Pəhləvidən başlayan paniranist yanaşma tərzi özünü ən radikal şəkildə göstərməsinə baxmayaraq, fars şovinizmi Milli Oyanış Hərəkatının qarşısına keçə bilməyib. Həmişə içərisində türk - Vahid Azərbaycan qorxusunu daşıyıb. İran dünyada nə qonşuluğunda, nə də ki, xəritənin heç bir nöqtəsində Azərbaycan sözünü görmək istəməyən yeganə ölkədir. Güney Azərbaycan isə regionda və dünyada baş verən gərgin hadisələrin fonunda "ən böyük atom bombası"dır, fitil haqlı mübarizə aparan türklərin əlindədirsə, fars şovinizminin təlaşı başa düşülməlidir. Çünki bir ölkənin ərazisində 40 milyonluq Azərbaycan türkü yaşayırsa, bu o deməkdir ki, İran dünyada ən böyük azərbaycanlı dövlətidir. Biz məhz buna görə Tehranın təlaşını başa düşürük. Fərq var, Tehran qorxmamalıdır, biz seperatçı deyilik, fərqli olaraq haqqımızı tələb edirik, iddiamız yalan deyil, haqq sahibinə verilməlidir, İslamın müqəddəs kitabı "Qurani-Kərim"də də belə deyilir. Allah qul haqqının verilməsini, haqq isə verilmədikcə alınmağı sevir.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31