“Güney Azərbaycan boşalır”
Babək Muğanlı: “Urmiya, Maku, Sulduz və Tikantəpədə kürdlər hökumətin əlilə azərbaycanlılara məxsus torpaqları ələ keçirərək məskunlaşırlar”
12 Noyabr 2013 16:12 Güney"İran hakimiyyəti Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı vəd vermişdi, verilən vaxt artıq başa çatıb. Lakin məsələnin həll edilməsilə bağlı heç bir iş görülməyib. Urmiya gölü artıq tamamilə qurumaq üzrədir, getdikcə göldəki sonuncü kiçik su kütləsi də quruyur" - Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı Urmiya gölünün quruması məsələsinə münasibət bildirərkən belə deyib. B.Muğanlı bildirib ki, ətrafdan qalxan toz burulğanı Urmiya ilə Təbriz arasındakı əraziləri pis vəziyyətə salıb və gölün üzərindəki olan gəmilər dibə oturub. DAK rəsmisi qeyd edib ki, Urmiya ətrafındakı kəndlər məcburiyyət qarşısında qalıb köçürlər: "Çünki ətraf ərazilər sürətlə şoranlaşır, 2-3 il ərzində Urmiyada şoranlılığın səviyyəsi pik həddə çatacaq. Əkinə yararlı torpaq sahələri də sıradan çıxır. Hökumət Xəzər dənizi, Araz çayı və digər su hövzələrindən Urmiyaya su çəkəcəklərilə barədə yalançı vədlərlə insanları aldadır. Araz çayından gölə suyun çəkilməsi digər problemləri ortaya çıxaracaq. Çünki Araz çayı Mil, Muğan ərazilərinin əsas su mənbəyidir. Bu konkret olaraq insanların əlindən suyunu almaqdır. Plan Azərbaycana ikinci fəlakəti yaşada bilər. Bunların hamısı boş vədlərdir, İran parlamenti dövlət büdcəsindən məsələnin həlli ilə əlaqədar maddi vəsaitin ayrılacağını bildirdi. Lakin bu istiqamətdə heç nə edilmədi. Artıq Güney Azərbaycanın və İranın digər futbol stadionlarında milli fəallar "Urmiya gölü can verir, Məclis onun qətlinə fərman verir!" kimi şüarlar səsləndirirlər. Həqiqətən də Urmiya gölünün qurumasında birbaşa səbəbkar İran hökumətidir. Vəziyyət getdikcə pis hal alır". Babək Muğanlı Urmiya ətrafında boşaldılan ərazilərin farslaşdırılması məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, Urmiya ətrafında boşaldılan kəndlərdə farslar yox, kürdlər yerləşdirilir. B.Muğanlı vurğulayıb ki, hökumət ətraf kəndləri kürdlərə baha qiymətə aldırır. Urmiya sürətli şəkildə kürdləşdirilir: "Hakimiyyət azərbaycanlıları məcburiyyət qarşısında qoyaraq ərazidən çıxarır, yerinə kürdləri yerləşdirilir. Urmiya məsələsi artıq Dağlıq Qarabağa oxşayır. İrəvan tərəfindən Qarabağ erməniləşdirildiyi kimi Tehran da Urmiyanı kürdləşdirir. Urmiya, Maku, Sulduz və Tikantəpədə kürdlər hökumətin əlilə azərbaycanlılara məxsus torpaqları ələ keçirərək məskunlaşırlar". ("OLAYLAR" İA)