Tanınmış azərbaycanlı bəstəkar həbs edildi

Səftər Rəhimli: “H.Dəmirçi noyabrın 4-də səhər saatlarında evində həbs edilərək naməlum istiqamətə aparılıb”

"İranda 3 azərbaycanlı fəal həbs edilib. Noyabrın 4-də İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Təbriz şəhərində Həsən Dəmirçi, Hüseyn Əli Məhəmmədi və Taha Kermanini saxlayıb" - "OLAYLAR"ın məlumatına görə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Səftər Rəhimli bu barədə "Facebook" ünvanında yazıb. S.Rəhimli qeyd edib ki, tanınmış azərbaycanlı bəstəkar, 72 yaşlı Həsənağa Azərbaycani kimi də tanınan H.Dəmirçi noyabrın 4-də səhər saatlarında evində həbs edilərək naməlum istiqamətə aparılıb. Onun nədə ittiham edildiyi açıqlanmayıb. H.Dəmirçi Təbriz Şəhər Məhkəməsi tərəfindən 6 ay şərti həbs cəzasına məhkum olunub: "Bəstəkar Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirləndirilib". DAK rəsmisi qeyd edir ki, H.Məhəmmədi və T.Kamrani noyabrın 4-də günorta saatlarında həbs ediliblər. ETTELAAT əməkdaşları H.Məhəmmədini atasının evinə gələrək özləri ilə aparıblar. T.Kermani isə polis idarəsinə müraciət etdikdən sonra tutulub və ETTELAAT-ın Təbrizdəki şöbəsinin təcridxanasına salınıb. Hər iki azərbaycanlı fəal əvvəllər də həbs edilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31