Urmiya gölü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edildi

Güney Azərbaycanın incisi Urmiya gölü sürətlə quruyur. 

Bir zamanlar "Milli park" statusu alan Urmiya gölünün ətrafı turistlərin sevimli məkanı idi. Bura xeyli sayda yerli və əcnəbi turist gələr, istirahət edərdi. Lakin indi su hövsəsi və ətraf ərazi  humanitar fəlakət bölgəsində çevrilməkdədir. Artıq bir çox ekspertlər, hətta İran hökumətinin sabiq rəsmiləri Urmiya gölü ilə bağlı ciddi həyəcan təbili çalır.

İranın keçmiş ekologiya naziri İsa Kələntəri bildirib ki, göl quruyarsa ondan qalxan duz fırtınası bölgədə yaşayışı qeyri-mümkün edəcək. 3 milyonluq əhali Təbriz şəhərini boşalmağa məcbur olacaq. Məsələ hüquq müdafiə təşkilatlarının da diqqətindədir.

"Urmiya gölü son 60 ildə ən aşağı səviyyədədir"

"Ərk"- Azərbaycan İnsan Haqları Cəmiyyətinin Urmiya gölünün son durumu ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Urmiya gölü təbii halında 33 milyard kubmetr suya malikdir və dünyanın ikinci duzlu gölü hesab olunur. Hazırda göl tamamilə qurumaq üzrədir və içindəki su təxminən bir milyard kubmetrə qədər azalıb. Urmiya gölünün monitorinqini aparan "Şərif" Texnologiya Universitetinin ötən həftə dərc etdiyi son araşdırmaların nəticələrinə görə, Urmiya gölü son 60 ildə ən aşağı səviyyədədir.

Təcili tədbirlər görülməzsə, bu il yayın sonuna qədər gölün tamamilə quruması gözlənilir. Peyk görüntüləri gölün sahəsinin ötən illə müqayisədə 33 faiz, suyun səviyyəsinin isə əvvəlki ilə nisbətən 48 santimetr azaldığını göstərir. Urmiya gölünün qurumasının əsas səbəbi 20 il əvvəl gölə axan 22 çayın üzərində tikilən və suyun gölə axmasının qarşısını alan 40 böyük bənd olub.

Ərzaq çatışmazlığı bəhanəsi ilə gölün su hövzəsindəki əkin sahələri ikiqat artırılıb və gölün ətrafında minlərlə dərin quyu qazılıb. Gölün qurumasının qarşısını almaq istəyən insanların etirazı nəticəsində bəzi bəndlərin tikintisi dayandırılmışdır. Amma indi göl tamamilə quruduğundan energetika naziri Nazlı çay və Bəranduz çay üzərində yeni bəndlərin tikintisinə icazə verib". 

"7 ildə gölün bərpası ilə bağlı ciddi addım atılmayıb"

Bəyanatda qeyd olunur ki, İran hökuməti gölün qurumasının qarşısının alınması və bərpası ilə bağlı ciddi addımlar atmır.

"2016-cı ildə İran İslam Respublikası ictimai rəyin təzyiqi ilə Tehranın "Şərif" Texnologiya Universitetinin nəzarəti altında "Urmiya Gölünün Bərpası Qərargahı"nı təsis edib. Göl 10 il ərzində öz ekoloji səviyyəsinə çatmalı və bərpa edilməli idi. Bərpa işləri üzrə qərargah praktiki fəaliyyət əvəzinə gölün bərpası adı altında yüzlərlə konfrans və komitələr təşkil etdi. Amma qərargahın yaradılmasından 7 il keçməsinə baxmayaraq, göl indi son nəfəsini verməkdədir.

İslam Respublikasının yalançı təbliğatına baxmayaraq, gölün bərpası sahəsində heç bir canlanma baş verməyib və kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına ayrılan böyük vəsait hökumətin müvafiq strukturunun korrupsioner fəaliyyəti ucbatından aradan gedib. Bölgənin İslam parlamentindəki nümayəndələri ictimai rəyi yayındırmaq üçün indi də Urmiya gölünün bərpası qərargahının araşdırma və təhqiqat planını təsdiqləyiblər". 

"Gölün dibində olan litiumları xarici ölkələrə satırlar"

"Ərk"- Azərbaycan İnsan Haqları Cəmiyyəti hesab edir ki, gölün bərpası ilə bağlı işlərin axsamasında məmurlar da günahkardır:

"Bütün məmurlar, o cümlədən Şərqi Azərbaycan və Qərbi Azərbaycan nümayəndələri bu məsələdə günahkardırlar. Beləki, onlar və yaratdıqları şirkətlər gölün duzunu ixrac etməklə məşğuldurlar və İRNA xəbər agentliyinin məlumatına görə, sözügedən məmurlar Urmiya gölünün dibində olan litiumları xarici ölkələrə satırlar. Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında yaşayan 15 milyon insanın həyatı ciddi təhlükə ilə üz-üzə dayanıb.

Əsən küləklər və duz fırtınaları 500 kilometr radiusunda bütün bölgədə həyatı məhv edəcəkdir. Ölkənin ətraf mühitin mühafizəsi təşkilatının keçmiş rəsmisinin sözlərinə görə, 3 milyonluq Təbriz şəhəri yaxın illərdə yaşayış üçün yararsız hala düşəcəkdir". 

"Beynəlxalq birlik ciddi tədbirlər görməlidir"

Bəyanatda bildirilir ki, təşkilat 2010-cu ildən etibarən BMT-nin İnsan Haqları Şurasının iclaslarında Urmiya gölünün qəsdən qurudulmasına görə İran İslam Respublikasına dəfələrlə etirazını bildirib və ətraf mühitin dağıdılmasının nəticələrini diqqətə çatdırıb: 

"Amma təəssüflər olsun ki, İran hökuməti və onun müxalifəti də bu həyati məsələni təkzib etdi, eyni zamanda Urmiya gölünün müdafiəsinə qalxan azərbaycanlı ekoloqlar da separatçılıqda ittiham olundular. İndi isə ham Urmiya gölünün tamamilə qurumasının dağıdıcı nəticələrini və onun ekoloji fəlakətini gözləməkdədirlər.

Bu regional ekoloji fəlakətin tez bir zamanda qarşısını almaq üçün beynəlxalq qurumlar, o cümlədən BMT-nin Ətraf Mühit Departamenti ciddi və təcili tədbirlər görməli və gölün İran İslam Respublikası tərəfindən tamamilə qurudulmasının qarşısını almalıdır". 

"Əhali maarifləndirilməlidir"

"Ərk" Azərbaycan İHC bəyan edib ki, quruyacaq gölün bölgənin həyatı və ətraf mühit üçün yaradacağı təhlükələr barədə insanlara izahat verilməlidir:

"Bəndlərin arxasındakı su dərhal buraxılmalı və gölə bütün çaylardan su təmin edilməlidir. Yeni bəndlərin tikintisi, Nazlı çay və Bəranduz çay üzərində yeni bəndlərin tikintisinin davam etdirilməsi dayandırılmalıdır. Bütün insanlar tərəfindən Urmiya gölünün tamamilə məhv olmasının qarşısını almaq üçün geniş kampaniyalar təşkil edilməlidir". 

"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda" layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər". 

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31