İranın otuz illik planı boşa çıxır- Ağrı Qaradağlı

Ağrı Qaradağlı: "Prezident  İlham Əliyev İranın hədə-qorxusuna öz cavabını verdi"

İranda davam edən etiraz aksiyalarında ən müxtəlif şüarlar səslənməkdədir. Siyasi ekspertlərin qənaətinə görə, sosial problemlərlə bağlı başlanan aksiyalarda siyasi şüarların səslənməsi müşahidə olunmaqdadır. Aksiyaların Güney Azərbaycanın müxtəlif şəhərlərinə sirayət etməsinin  milli hərəkatın fəallaşmasına təsir edəcəyi də istisna olunmur. Müsahibimiz  Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlıdır.

- Ağrı bəy, İran adlı dövləti etiraz aksiyaları bürüyüb və səngimək bilmir. Sizcə bunun kökündə hansı səbəblər durur və aksiyalarda Güney azərbaycanlıların rolu nədən ibarətdir?

-Artıq səkkiz aydan çoxdur ki, İranda etiraz aksiyaları davam edir. Orada yaşayan bütün xalqlar da bu etiraz aksiyalarında iştirak edirlər. İranda yaşayan xalqlar sosial və iqtisadi baxımdan o qədər sıxıntı içərisində yaşayırlar ki, artıq bundan tüğyana gəliblər. Nəticədə də etiraz aksiyaları keçirməklə öz istəklərini ortaya qoyublar. Aksiyalarda siyasi şüarlar da səsləndirilir. Məsələn, "azadlıq" şüarı altında söz azadlığı, geyim azadlığı, yaxud mətbuat və dil azadlığı kimi şüarlar səslənir. Təbii ki, səslənən əsas şüarlardan biri də  "Biz nə şah istəyirik, nə şeyx" şüarı idi. Bu aksiyalarda Güney azərbaycanlıların məsələsinə gəldikdə deyə bilərəm ki, azərbaycanlılar bu etiraz aksiyalarına ciddi şəkildə qoşulmasalar da Güney Azərbaycan Milli Hərəkatının mənsubları və ya Güney azərbaycanlıların kütləsi bu aksiyalara qoşulub öz istəklərini ortaya qoydular. Əsasən səslənən "azadlıq, "ədalət", "milli hökumət", "Azərbaycan öz yolunu tapıbdı, vilayəti, səltənəti atıbdı"  kimi şüarlarla meydana gəldilər. Bu etirazlar İranın mərkəzləşmə gücünü bir az azaltsa da İran rejimi elə bir qəddar rejimdir ki, əlindən gəldiyi qədər xalqla vəhşicəsinə davrandı, odlu silahlar işə düşdü. Hətta bizim yeniyetmələrin məktəblərinə kimyəvi maddələr ötürməklə onları zəhərləməyə çalışırlar. Belə görünür ki, İran rejimi gənclərin bu etirazlara qoşulmasından daha çox qorxur. Xüsusilə də məktəbli qızların bu etirazda olmasını istəmir. Çünki belə bir addım rejim üçün ciddi qorxudur. Ona görə də bu zəhərləmələr xüsusi olaraq qız məktəblərində həyata keçirilir. Lakin rejim nə qədər qəddar addımlar atırsa atsın, bu aksiyaların qarşısını ala bilməyəcək. Düşünürəm ki, artıq İran rejimi son mərhələsinə çatıb və bu rejimin uzun ömrü olmayacaq. İranda ciddi dəyişiklik gözlənilir, bu dəyişiklik 3-5 il çəkə bilər, amma bu rejimin ömrünı az qalıb. İran rejimi nə edirsə etsin, bizim oradakı xalqın istəyi budur ki, Güney Azərbaycanın baxımsızlığını ortaya qoysun və bu xətt inkişaf etsin.

-Etiraz aksiyalarının bütün ölkəni əhatə etdiyini nəzərə alsaq, demək olarmı Milli Azadlıq Hərəkatı üçün tarixi şərait yaranıb?

-  Güney Azərbaycan Milli Hərəkatı əgər istərsə bu aksiyalardan özü üçün tarixi bir fürsət əldə edə bilər. Hələ on il öncə "Yaşıl hərəkat" deyilən bir etiraz aksiyası keçirilirdi. O dönəmdə hər kəs azərbaycanlıları qınadı ki, aksiyaya dəstək olmadılar. Amma Azərbaycan Milli Hərəkatı o qədər formalaşmışdı ki, öz fikrini ortaya qoyaraq bildirdi ki, bizim İranda istədiyimiz rejim dəyişikliyi deyil, Milli Hərəkatın əsas istəyi Güney Azərbaycanın baxımsızlığı və azərbaycanlıların haqq hüququnun təmin olunmasıdır. Təbii ki, mərkəzin zəifləməsi bunun üçün bir fürsət yaradır, biz də bundan istifadə edib öz milli hərəkatımızı təşkilatlandırıb yolumuza davam etməliyik.       

-İranda səslənən sosial-iatisadi tələblərin siyasi tələblərə çevrilmə ehtimalı nə dəcədədir?

-İranda ortaya çıxan sosial və iqtisadi tələblərdən istifadə edib öz maraqlarımız çərçivəsində baxımsızlığa doğru irəli getməliyik. Məlumdur ki, orada təqaüdçülər, pensiyçılar onlara verilən məbləğin az olmasından, yaxud fabriklərdə çalışanlar iqtisadi vəziyyətin ağır olması səbəbindən maaşları ödənilmədiyinə görə küçələrə çıxırlar. Biz Milli Hərəkat olaraq bunlardan istifadə edib öz maraqlarımız dairəsində prosesləri irəli aparmalıyıq.

- Siyasi ekspertlər belə bir fikir yürüdürlər ki, yeni dünya düzənində İran rejiminin yeri yoxdur. Sizcə bu rejimin sıradan çıxması üçün Qərb dövlətləri etirazçılara dəstək olacaqlarmı?

- Fikrimcə, İran adlanan dövlət 3-4 yerə parçalanacaq. Nəzərə almaq lazımdır ki, İranda silahlı mübarizə aparan müxtəlif xalqlar var. Onlar da öz istəklərini ortaya qoyub istiqlal almaq niyyətindədirlər, o cümlədən də Güney Azərbayacn türkləri. Ona görə də yeni düzəndə necə ki, 1989-1990-cı illərdə SSRİ dağıldı, İran da artıq öz içindən dağılaraq parçalanmaya doğru gedəcək. O gün o qədər də uzaqda deyil. Bu məsələdə bizim istədiyimiz sərhədlərimizi qoruyub saxlamaqdır. Bunun üçün Milli Hərəkat olaraq Azərbaycan xalqını oyatmaq yolunu  tutmalıyıq.

-Dediniz ki, İranda bir çox xalqlar aksiyalara qoşularaq öz tələblərini irəli sürürlər.  Necə hesab edirsiniz, İranın sözügedən etirazları yatırmaq gücü varmı?

-  İllərlədir ki, fars-molla rejimi həm xaricdə, həm də daxildə özü üçün xüsusi qüvvələr yetişdirib. Bir çox hallarda onlardan istifadə edib. Yeri gəlmişkən xatırladım ki, may hadisələrinin ildönümü yaxınlaşır, o vaxt İran qəzetində türklərə həqarət olunmuşdu, onda Güney azərbaycanlıların etirazlarını dağıtmaq üçün Livanda, Əfqanıstanda yetişdirilən qüvvələri gətirmişdilər. Bizim insanlara güllə atanlar həmin qüvvələr idi, başqa sözlə xarici terror qruplarından gətirilən silahlılar tətəfindən bizim insanlara atəş açdırdılar. İran bölgədə "Hizbullah", öz içində "Hüseyniyyə" kimi o qədər terror təşkilatı yetişdirib ki, onların vasitəsilə istəklərini həyata keçirir. Onlar üçün isə fərq etmir ki, qarşılarındakı uşaqdı, qadındı, yaşlıdı, odlu silahlarla üstünə gedir. Bu baxımdan demək olar ki, hələlik İran rejiminin aksiyaları dağıtmağa gücü var. Biz nə qədər desək də İran gücsüzdür, amma daxili etirazları dağıtmağa gücü var. Necə ki, altı ay sürən etirazları çox şiddərlə, vəhşicəsinə dağıtdı. Təbii ki, dünya buna göz yumdu, aksiyalar dünya dövlətləri tərəfindən dəstəklənmədi. Qərbi də, Avropası da, Amerikası da aksiyalara ciddi dəstək vermədilər. Güclü dəstək olsaydı ən azından İranda odlu silahdan istifadənin qarşısı alınardı. İnsan hüquq müdafiə təşkilatlarının məlumatına görə, həmin aksiyalarda 621 nəfər həyatını itirib. Əslində isə həyatını itirənlərin sayı bu göstəricidən 3-4 dəfə artıqdır, lakin İran rejimi real məlumatları gizlədir. Əslində 2-3 min adamın etirazlar zamanı həyatını itirməsi az göstərici deyil. Hələ də etirazlara qoşulan insanlara edam cəzası verilir, onları qorxudurlar və bu qorxu insanların canında qalıb. Təbii ki, bu fakt da etirazların səngiməsində bir səbəb oldu.  

- 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını  işğaldan azad etməsi İranın ürəyincə olmadı. Hazırda da İran ölkəmizə qarşı məkrli planlarını həyata keçirməkdə davam edir. İranın Azərbaycana qarşı qərəzli münasibətinin kökündə hansı amillər durur?

- İranın Azərbaycana qarşı qərəzli mövqe tutması yeni məsələ deyil. Azərbaycan müstəqil olduğu dönəmdən İranın narahatçılıqları başlanıb və Azərbaycana qarşı düşmənçilik mövqeyini ortaya qoyub. Hətta Birinci Qarabağ savaşında İran öz din qardaşını buraxaraq əlindən gələn köməyi Ermənistana etdi. Hətta bizim torpaqlarımızın işğalında İranın böyük rolu var idi. İkinci Qarabağ savaşında da yenə İran Ermənistana yardımını dayandırmadı, Rusiyadan gəlib Ənzəlidən, Novruz mərzindən işğalçı dövlətə yardım gedirdi. Bizim Mili hərəkatçılar bunun qarşısını almağa çalışdılar. Hətta 44 gün savaş zamanı Təbrizdə etiraza çıxdırlar. Nəticədə etirazçılardan 300 nəfəri tutdular, həbs cəzası verdilər, hələ də bir sıra adamlar həbsdədirlər. Bununla kifayətlənməyən İran Araz boyunda siqnalpozucu qurğu yerləşdirdi ki, Azərbaycan tərəfi rahat işləyə bilməsin. Bu onu göstərir ki, İran rejimi bizim əbədi və əzəli düşmənimizdir. Ümumiyyətlə İranın fars-molla sistemi üzərində qurulmuş rejiminin Azərbaycan və türk düşmənçiliyi var. Hazırda İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin kökündə də onun tarixi düşmənçiliyi durur. İran istəmir ki, Zəngəzur dəhlizi Naxçıvanı Bakıya bağlasın, dünyaya açılan bir yol olsun. Əgər sən doğrudan da qonşuluq münasibətlərini rəhbər tutursansa, Zəngəzur dəhlizinin sənin üçün əhəmiyyətinə qiymət verə bilərdin. İran yalnız öz mənafeyini güddüyü üçün Zəngəzur dəhlizinə qarşı çıxır.

-İran Azərbaycana qarşı düşmənçilik münasibərini açıq şəkildə ortaya qoyub. Səfirliyimizə hücum təşkil edir, diplomatlarımızı ölkədən çıxarır.  Necə hesab edirsiniz, belə bir şəraitdə İran-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından söhbət gedə bilərmi?

-Hazırda İran-Azərbaycan münasibətləri ən gərgin dövrünü yaşayır. Hesab edirəm ki, əgər İran mövqeyini bu şəkildə davam etdirərsə mövcud gərginlik daha arta bilər. Azərbaycan prezidenti İlham Əliyev konkret olaraq İranın münasibətinə qarşı öz fikirlərini açıqladı və hədə-qorxusuna cavabını verdi. Bu baxımdan düşünürəm ki, Azərbaycan hakimiyyəti də öz mövqeyindən geri çəkilməyəcək və öz istəyinə nail olmayana qədər prinspiallıq nümayiş etdirəcək. Ola bilər ki, hansısa dövlətlərarası sövdələşmə əldə edilsin, o zaman münasibətlərdə bir qədər yumşalma baş verə bilər. Amma keçmişdəki kimi qonşuluq münasibəti, yaxud iki qonşu dövlət arasında olan səmimi münasibət qalmayacaq. Ona görə ki, İran rejimi öz yetişdirdiyi adam vasitəsilə səfirliyimizə hücum təşkil etdi, bir əməkdaşımız şəhid oldu, ikisi yaralandı, "Hüseniyyə" terror təşkilatının əli ilə Azərbaycanda millət vəkili Fazil Mustafaya sui-qəsd düzənlədi. Bundan başqa bir çox faktlar var ki, hələ ortaya çıxmayıb. Çoxlu sayda cəsus şəbəkələsi ifşa olundu, hansı ki, biz hələ 2004-2005-ci illərdə deyirdik ki, İranın burada casus şəbəkələri var. Belə casus şəbəkələrinin ifşa olunması, üzvlərin yaxalanması deməyə əsas verir ki, İranın otuz illik planı boşa çıxır. Bu isə İranı narahat edir və çalışır ki, başqa bir vasitə ilə Azərbaycana təzyiq etsin. Bu vasitələr isə terror aktlarından o tərəfə getmir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31