Xalqın maariflənməsi yolunda böyük xidmətlər göstərmiş alim- YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ
14:00 ƏdəbiyyatRamiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
2025-ci il ölkəmizdə ölkə başçısının sərəncamı ilə "Konstitusiya və Suverenlik ili" elan edilmişdir. Xalqımızın istiqlalına, onun hüquqi dövlət quruculuğu və suverenliyinə xidmət edənlərin xatirəsini anmaq, hörmət və minnət duyğularını ifadə etmək də bugünkü və gələcək nəsillərin borcudur. Həyatını Azərbaycan istiqlalı və milli oyanışına xidmət edən görkəmli simaların arasında Şuşanın fəxarət dolu simalarından olan, bütün ziyalılığı ilə Azərbaycan xalqına xidmət nümunəsi göstərən, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində, diplomatik fəaliyyətində səfir olaraq xüsusi xidmətləri ilə çıxış etmiş yazıçı, alim və ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin də əvəzsiz yeri vardır.
XX əsrin əvvəllərində milli istiqlaliyyətin əldə olunması və Şərqin ilk parlamentli, demokratik tipli cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında çoxsaylı milli ziyalıların və müxtəlif mütərəqqi mətbuat orqanlarının mislisiz xidmətləri var idi. Bu milli ziyalılardan biri özünün fəaliyyəti, bədii yaradıcılığı və publisistik fəaliyyətilə xalqın oyanışına xidmət etmiş ədib və ictimai xadim Yusif Vəzir Çəmənzəminli (1887 - 1943) olmuşdur.
Yusif Vəzir Çəmənzəminli xalqın ictimai oyanışı və maariflənməsi yolunda böyük xidmətlər göstərmiş alim, ziyalı və yazıçı kimi daha görkəmli bir mövqeyə sahib olmuşdur. "Qan içində" və yaxud "İki od arasında" tarixi romanı, "Qızlar bulağı", "Studentlər" və b. kimi məşhur əsərlərin müəllifi olan Yusif Vəzir bədii əsərlərində də özünün ideoloji missiyasını həyata keçirmişdir. Xalqın tarixi, ədəbiyyatı və mənəviyyatı məsələlərində çox diqqətcil olan böyük ədib çoxsaylı elmi və publisistik əsərlərində, "Qızlar bulağı" romanında olduqca maraqlı faktlar sərgiləməyi bacarmışdır. Böyük ədibin "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri də Azərbaycan xalqının ədəbiyyatının öyrənilməsi və öyrədilməsi baxımından mühüm əhəmiyyətə malik olmuş, əsl bir tədqiqatçı-alim kimi təəssürat formalaşdırmışdır. "Molla Nəsrəddin" jurnalını təqdir edən, "Ədəbi dövrün başçısı" məqaləsi ilə mollanəsrəddinçiliyi düzgün ədəbi platforma hesab edən müəllif "Cənnətin qəbzi" kimi peşəkar hekayələri ilə bədii nəsrin inkişafına xidmət göstərmişdir. Dövrə, ədəbi və ictimai inkişafa həmçinin oyaq, tənqidi nəzərlərlə də yanaşmağı bacaran müəllif romantizmin ədəbi cəbbəxanaları olan mətbut orqanlarının bağlanmasından sonrakı ədəbi inkişafı birtərəfli, yarımçıq olaraq qəbul etmiş, bununla bağlı fikirlərini dilə gətirmişdir. Azərbaycan xalqına bütün Azərbaycanda milli müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra öz yaradıcılığı və fəaliyyəti ilə bu yolda çarpışmış istedadlı qələm sahibi Y.V.Çəmənzəminli həm də milli hökumətin Türkiyədəki səfiri kimi fəaliyyət göstərmişdir.
Çəmənzəminli özünün milli oyanışa xidmət edən sanballı əsərlərində Azərbaycan istiqlalı və muxtariyyatından davamlı olaraq bəhs açmışdır. Böyük ədib Y.V.Çəmənzəminlinin "Azərbaycan muxtariyyəti. Ayılın, toplaşın", "Biz kimik və istədiyimiz nədir?" "Tarixi, coğrafi və iqtisadi Azərbaycan", "Azərbaycan və azərbaycanlılar", "Xarici siyasətimiz", "Milli və mədəni işlərimiz" və b. əsərlərində bütün tərəflərilə Azərbaycan istiqlaliyyəti və dövlətçilik quruluşu məsələsi haqda xalqa izah vermiş, ideoloji baxımdan xalqın oyanışı və milli istiqlalına xidmət etmişdir.
XX əsrin ilk əvvəlləri bütün bəşər-dünya tarixi üçün mürəkkəb, ziddiyyətli və eləcə də inkişaf, istiqlaliyyət baxımından milli əhəmiyyətli olduğu kimi Azərbaycan xalqı üçün də olduqca əhəmiyyətli bir dövr olmuşdur. Bu dönəm böyük ziyalılarımızın da ifadə etdiyi kimi, "milli oyanış və intibah" (C.Məmmədquluzadə) dövrü kimi səciyyələnir.
Azərbaycan tarixində XIX əsrin sonu - XX əsrin əvvəlləri xalqımızın ictimai-siyasi həyatı ilə yaxından bağlı olan bir sıra əhəmiyyətli və taleyüklü hadisələlərlə zəngin bir mərhələ təşkil edir. Azərbaycan tarixinin qızıl səhifələrini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin keçirilməsi haqqında imzalanan dövlət sənədində də öz əksini tapdığı kimi: "Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır".
Qətiyyətlə demək olar ki, XX əsrin əvvəllərində milli istiqlaliyyətin əldə edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin qurulması çoxsaylı milli ziyalıların, "Molla Nəsrəddin", "Füyuzat" və digər mətbuat orqanları və ədəbi cəbhələrinin oyanış missiyasının apardığı maarifləndirici işin faydalı bəhrəsi idi. Y.V.Çəmənzəminlinin "Azərbaycan muxtariyyəti. Ayılın, toplaşın", "Biz kimik və istədiyimiz nədir?" və b. kimi məqalə və əsərlərində bütün tərəflərilə Azərbaycan istiqlaliyyəti və dövlətçilik quruluşu məsələsi xalqa izah olunurdu.
Görkəmli yazıçı və ictimai xadim Y.V.Çəmənzəminli "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" əsərində məqalənin adından tutmuş məzmununa qədər müstəqil Azərbaycan ideyasını ehtiva etmişdir. Onun "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" əsəri Azərbaycan adının mənşəyi və xalqın etnogenezinə elmi səyahət edən ciddi elmi-publisist əsərdir. Söz yox ki, tarixi Azərbaycanın coğrafiyası və iqtisadiyyatına belə bir əsər həsr etməyin özü müstəqillik duyğularını daşımaq və təbliğ etməklə bərabər onu bir ideyaya çevirməyə atılan nəhəng adddımlardan biri kimi də diqqətəşayandır. Bu nəhəng fikir adamı, ictimai xadimin Azərbaycan istiqlalına həsr etdiyi ən möhtəşəm əsərləri sırasına, ilk növbədə, "Azərbaycan muxtariyyəti: ayılın, toplaşın" məqaləsini hesab etmək olar. Əsərin 1917-ci ildə yazıldığını nəzərə alsaq və məhz həmin tarixdə böyük azərbaycançı ədib və istiqlal ədəbiyyatının sərkərdəsi Cəlil Məmmədquluzadənin məşhur "Azərbaycan", "Cümhuriyyət", "Vətəndaşlar" kimi məqalələri ilə müqayisə etsək, əsrin min bir vəchlə dindirdiyi insanların böyük ziyalılıq vəzifəsilə "əsrlərcə "gilaylı qalınan avamdan tutmuş ziyalısına, məmuruna, mollasına, bir sözlə bütün təbəqələrilə Azərbaycan xalqına, azərbaycanlılara istiqlal və Cümhuriyyət ideyası ilə səsləniş kimi qəbul etmək olar. "Millətlər şurasından qayıdarkən yazılan" "Azərbaycan muxtariyyəti: ayılın, toplaşın" məqaləsində ədib "Hər millət öz fərdini axtarıb, tapır, əl-ələ verib camaatın halına qalır. Çünki milli himmətdən savayı özgəsi milləti bu dəhşətli zamanda müdafiə eliyə bilməz!", - deyə böyük ustad Cəlil Məmmədquluzadənin "Həmşəri", "Xeyir-dua", "Azərbaycan" və b. məqalələrində də səsləndirildiyi kimi xalqı həmrəylik və milli birliyə dəvət edirdi. "İndiyə kimi bizim nə mərkəzi bir şüarımız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz milli işimizi öz əlimizə ala bilmirik" deyən Y.V.Çəmənzəminli milli mövcudluq və XX əsrin zəruri, vacib tələbi kimi ictimai-siyasi var olmaqdan, siyasi taleyini, müqəddəratını müəyyənləşdirməkdən bəhs edir. "Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər", - deyə rus işğalı altında yaşayışa, köləliyə, hər cür əsarət və işğalıçılığa son qoymağa çağırır, milli şərəf və heysiyyətə, istiqlaliyyət və cümhuriyyət şəklində yaşayışa dəvət edirdi. Böyük ədib və ictimai xadim Y.V.Çəmənzəminli XX əsrin ilk onilliyində yaranan ictimai şəraitə işarə edərək Rusiyada inqilablar dalğasının baş alması və imperiyanın dağılması şəraitində Azərbaycan xalqının da fürsəti dəyərləndirərək öz azadlığını əldə etməsinə çağırış mühüm mövqedə dayanır. "...qanunları millətlərin milli məclisləri yazacaq. Hərənin öz malı, öz dövləti, öz səadəti özünə məhvəl olacaq", - deyə yazan ədib "Pəs böylə bir gözəl yaşaıyış üçün niyə çalışmırsınız? Niyə fürsəti fot eləyirsiniz? Sonra peşiman olarsınız. Bu zaman firqəbazlıq zamanı deyil. ...İmdi toplaşın, milli idarə yapın... Muxtariyyət olmasa, ölkə başsızlıq bəlasından xilas olmasa, orada firqə həyatı da olmaz. Pəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb, yerində ədəmi mərkəziyyət payidar edilməlidir", - deyə zamanı, şəraiti dəyərləndirməklə bütün xalqa, vətəndaşlara müraciət və çağırış olunur, milli idarə deyə Cümhuriyyət, dövlət qurmanının vacibliyi, əhəmiyyəti başa salınırdı. "Ədəmi mərkəziyyət fikrinin başında toplaşın... Yatmışları oyadın. Onları federasyon nuru ilə işıqlandırın! ...Cürət ediniz, iş görünüz! ...Durmaq zamanı deyil! Bir az səbr eləsəniz, gözəl ölkəmiz fut olub ədən gedər! ...Muxtariyyət onun üçündür ki, namusumuz ayaqlar altına düşməsin. ...Zəmanə iş zəmanəsidir.. Toplanın" nidaları bütün təbəqələrin maraqları nəzərə alınaraq ölkə və millətin, ümumxalqın taleyi fövqündə verilmiş və ünvanlanmışdı. Görkəmli ədib "Muxtariyyət nədir", "Məhəlli muxtariyyət", "Muxtariyyət bizə nə verəcək", "Muxtariyyətə layiqik", "Muxtariyyəti nə cür ala bilərik", "Muxtariyyətimizin əsl əsası" kimi başlıqlar altında muxtariyyət anlayışını bütün təfərrüatı ilə izah edir. "Muxtariyyət, yəni öz əli, öz başı olmaqlıq. ...Deməli, muxtariyyətin əsl dediyi budur ki, cəmi işlər ölkədə camaatın xahişi ilə əmələ gəlsin". "Muxtariyyət bizə nə verəcək?" sualına cavab verərkən ədib "cəmi məsələlərimizin həllini millət məclisindən gözləməli" cavabını verərək, ümumiyyətlə, hər cür nicatı muxtariyyətdə və parlamentli respublikada görürdü. Çəmənzəminliyə görə də nicat muxtariyyətdə idisə, muxtariyyəti ala bilmənin yolu da "cürbəcür fikir və məsləkə tabe adamlar əl-ələ verib müttəfiq bir halda" olmaqda görülürü. Tənqidi-realist ədib Y.V.Çəmənzəminlinin "Biz kimik və istədiyimiz nədir" başlıqlı məqaləsində də millətin xoşbəxtliyi və inkişafının çarəsinin muxtariyyətdə - istiqlal və müstəqillikdə olduğu göstərilir, müstəqilliyin bütün məzmunu, məqsədi, cümhuriyyət və ya dövlətçiliyin platforması, habelə Cümhuriyyətin məqsəd və məramı, bütün xarici və daxili siyasəti, iqtisadi siyasəti və islahatları, kənd və şəhər siyasəti, xüsusilə işçi qüvvələrininin vəzifələri və onlar üçün yaradılacaq şərait, imkan və s. təfərrüatla izah olunur, xalqı bu müstəqilliyi dəstəkləməyə dəvət edilir. Milli istiqlaliyyət və dövlət müstəqilliyinə nail olmağın məqsəd və mahiyyətinə nəzər salan ədib çox təsirli şəkildə yazır ki: "Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli idarəsi ola bilər. Milli idarə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər. Hər kəs ki milli ölkədən məhrumdur, ...başı qapazlı olar. Halımızı nəzərə aldıqda özümüzü xoşbəxt gördüm". Böyük ədib: "Azərbaycan hakimiyyəti əlimizə düşdükdə vətənimiz müstəqil bir şəkil alır. Üç amil - millət, ölkə və hakimiyyət bir yerdə toplanır. Azərbaycan istiqlaliyyətini təmin etmək üçün cəmi qüvvət və qüdrətimizi meydana çıxartmalıdır. Bu yolda nə qədər fədakarlıq lazım olsa, göstərməliyik. ...istiqlaliyyətimizin davamına çalışmalıyıq; məmləkəti müstəqil yaşatmalıyıq" deyirdi.
Çəmənzəminli istiqlal düşüncəsi və milli dövlətçilik, cümhuriyyət haqqındakı düşüncələrini çoxbaşlıqlı "Xarici siyasətimiz" adlı məqaləsində də davam etdirir, "Bu gün Azərbaycanda bu üç amil olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir" fikrini ortaya qoyurdu.
Yazıçı Y.V.Çəmənzəminli digər əsərlərində də Azərbaycanın istiqlalı və milli məsələlərini əsas mövzuya çevirmiş, istiqlal düşüncəsinin inkişafına öz töhfələrini vermişdir. Bu mənada məhz bu kimi maarifləndirici, milli oyanış və məfkurə birliyi ətrafında ictimai təşkilatçılıq fəaliyyətinin bəhrəsi kimi Azərbaycan milli dövlətçilik tarixində dövlət müstəqilliyini bərpa edən Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır.